Ölkə başçısının “qudurğan məmur” kəlməsi ölkə mediasında əks-səda yaratsa da bir sıra suallara yol açdı. Kimdir “qudurğan məmur” və ya məmur qudurğanlığı necə olur? Çox yox, elə şəhərdə apardığımız mini-sorğuda əksəriyyətin fikrincə, məmur qudurğanlığı vəzifə səlahiyyətlərini aşmaqdı. Bəs məmur hansı halda vəzifə səlahiyyətlərini aşır? Prezidentə görə öz doğum gününə, şadyanalığa xaricdən rəqqasələri, müğənniləri dəvət edənlər qudurğan məmur ola bilər...
Ölkəyə toy-düyündə, doğum günlərində müğənni gətirənlərin siyahısında xeyli sayda məmurların adları var. Elton Con, Rihanna, Şakira, Cenifer Lopez Dövlət Neft Şirkətinin sponsorluğu ilə Azərbaycana gəlib. Elton Cona Tofiq Bəhramov adına stadionundakı konsertinə görə 4 milyon dollar qonorar ödəndiyi bəlli idi. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev həmin məbləğin bilet satışından əldə olunduğunu demişdi.
FIFA U-17 Qadınlararası Dünya Çempionatının açılışı ilə əlaqədar Bakıya gələn Cenifer Lopezə nə qədər vəsait çatması haqda çox versiyalar səslənmişdi. Ölkəyə xaricdən gətirilən müğənnilərin konsertlərinin təşkilatçılarından biri C.Lopezin konserti üçün 2 milyon avronun gərəkli olacağını söyləmişdi. Bakıya Lopezlə birlikdə onun 60 nəfərlik komandası və 500 nəfərlik işçi heyəti də konsertin hazırlığı üçün paytaxta gəlmişdi.
Şakira isə oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda 17 yaşlı qızlar arasında keçirilən futbol üzrə dünya çempionatının bağlanış mərasimində, oktyabrın 14-də isə “Baku Crystal Hall” səhnəsində konsert proqramı ilə çıxış edib. Müğənninin Bakıdakı konsertində biletlər yerindən asılı olaraq - 230, 155, 125, 80, 35 avro arasında dəyişib.
Konsertlər Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə keçirilib.
Rihanna və Cennifer Lopezdən fərqli olaraq Şakira Bakıda 4 gün qalıb. Şakira Bakıya 80 nəfərlik heyətlə və xeyli sayda texniki avadanlıqla gəlib. Dünya ulduzları Cennifer Lopes və Rihanna kimi Şakiranın da Azərbaycana gəlişi və burada konsert vermələrinin təşkilinə Dövlət Neft Şirkəti (ARDNŞ) sponsorluq edib.