Sabiq səhiyyə naziri Əli İnsanov Ədliyyə nazirliyini məhkəməyə verib.
Bu barədə "bizimyol.info"ya Əli İnsanovun vəkili Toğrul Babayev
məlumat verib. "Avropa İnsan Haqları Məhkəməsinin 14 iyun 2013-cü ildə
qüvvəyə minmiş qərarında Əli İnsanovun uzun müddət ağır şəraitdə saxlanmasının
Avropa Konvensiyasının müvafiq maddəsinin pozulması nəticəsinə gəlib. Lakin
Ədliyyə Nazirliyi Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etmir. Əli
İnsanov onun üçün xüsusi saxlanma şəraitinin yaradılmasını tələb etmir. Uzun illərdir
128 yerli, ağır şəraitli və rütubətli, zəif işıqlandırılan və adambaşına 1.76
m/kv ərazi düşən barakda saxlanılmasından narazıdır. Halbuki Avropa Penitensiar
qaydalarına görə cəzaçəkmə müəssisələrində adambaşına düşən sahə 7 m/kv-dan az
olmamalıdır. Əli İnsanov tələb edir ki, Ədliyyə Nazirliyi Avropa İnsan Haqları
Məhkəməsinin qərarına Ali Məhkəmənin plenumunda baxılanadək məhbusların
saxlanma şəraiti barədə əsasnaməyə uyğun şəraitdə saxlanılmasını tələb
edir" - deyən vəkil vurğuladı ki, bununla bağlı iddia 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, Əli İnsanov onun barəsində Avropa Məhkəməsinin 14 mart
2013-cü il qərarını icra etmədiyinə görə, Azərbaycan Ali Məhkəməsinin sədri
Ramiz Rzayevi də məhkəməyə verib. Həmçinin sabiq nazir Avropa Məhkəməsinin
qərarını icra etməməsi səbəbilə qərarların icrasına nəzarəti həyata keçirən
Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycan hökumətindən şikayət edib.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət
çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət
Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2
(vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra
etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və
313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin
aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması
qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət bu ilin mart ayında
təmin edilib. Məhkəmə hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü
maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5
saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub.
Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan
haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə
keçirilib. Onun müdafiə hüququ və digər prosessual qaydalar pozulub. Bunları
əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona
bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə
ödəməsi barədə qərar çıxarıb. Heç bir tərəf qərardan Avropa Məhkəməsinin Yuxarı
Palatasına şikayət etmədiyinə qərar 14 iyun 2013-cü ildə qüvvəyə minib.