Son 10 ildə Azərbaycanda əhalinin şəxsi istifadəsində olan nəqliyyat vasitələrinin sayı 530 min 212 ədəd və yaxud 2,4 dəfə artıb. Maliyyə naziri Samir Şərifov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində 2013-cü ilin 6 ayında ölkəyə 43 min 186 minik avtomobilinin idxal olunduğunu deyib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min 860 ədəd və ya 15,7 faiz çoxdur.
"Son 10 ildə yol və digər nəqliyyat infrastrukturlarına daxili və xarici maliyyə mənbələrindən 8 mlrd. 300 mln. manat vəsait cəlb etməklə ölkəmizdə ümumi uzunluğu 3 min 296 kilometr olan yollar tikilib, yenidən qurulub və əsaslı təmir olunub. Bunun da 1 min 115 kilometri respublika əhəmiyyətli, 2 min 181 kilometri isə yerli əhəmiyyətli yollar təşkil edir.
Bakı şəhəri ərazisində 32 ədəd ümumi uzunluğu 9 min 575 poqon metr olan müxtəlif səviyyəli yol qovşağı, 60 ədəd ümumi uzunluğu 4 min 25 metr olan yeraltı və yerüstü piyada keçidləri tikilib, yenidən qurulub və əsaslı təmir olunub".
Nazirin sözlərinə görə, Bakı Metropoliteninə 1 mlrd. 500 mln. manat vəsait ayrılmaqla ümumi uzunluğu 4,8 kilometr olan yeraltı metro xətləri çəkilib. 3 metro stansiyası tikilib istifadəyə verilib, 3 stansiyada yenidənqurma işləri aparılıb. 10 il ərzində metronun vaqon parkı 76 ədəd yeni vaqonla təchiz edilib. Hal hazırda isə 5 stanstiyanın tikintisi işləri (uzunluğu 4,9 kilometr) aparılır.