Məsələnin
amması bir az böyükdür. Azərbaycanda boşanmış kişi boşanmış qadın qədər problem
yaşamır. Ayrıldıqdan 2-3 ay sonra özünə yenidən həyat qurub evlənə bilir. Çox
zaman heç ona deyən də olmur ki, “ay bala, niyə boşanmısan?”. Azərbaycan kişisi
bu baxımdan şanslıdır. Məşədi İbad demişkən “o olmasın, bu olsun” deyib
həyatına davam edə bilir. Düzünü desək, ikinci ailəsinə birincidən də yaxşı
baxır, daha diqqətli olur. Boşandığı qadını isə unudub nəinki həyatından,
yaddaşından belə silə bilir. Nadir hallarda olur ki, kişi birinci
qadınını unutmasın, çoxusu unudur.
Azərbaycan
qadını isə bu baxımdan bəxtsizdir. Çünki “boşanmış qadın” əksər kişilərin
gözündə seksual obyektə, ən yaxşı halda “ikinci qadın”a çevrilir. Azərbaycan
qadını boşandıqdan sonra ikinci dəfə ailə sahibi ola bilmir. Hamı ona
“başqa gözlə” baxır. Hamı elə düşünür ki, qadın boşanıbsa, ya əxlaqsızdır, ya
da əxlaqsız olmalıdır. Boşanmış qadın bir addım irəli atanda, özü üçün yeni bir
həyat düşünməyə başlayanda hamı deyir ki, “Allah bilir kim saxlayır bunu”. Boşanmış
qadının daşı da özü kimi ağır olub düşür, ətrafında olan bir çox insanların
başına.
“Boşanıb,
bakirə deyil, ondan ev qadını olmaz”, “boşanıb Allah bilir, hansı oyunlardan
çıxıb ondan ailə qadını olmaz”, “ Kim bilir bəlkə də əxlaqsız olub, deyə
boşayıblar onu”....hamı deyir, deyinir, danışır. Kimsə boşanmış qadının hansı
hissləri keçirdiyini düşünmür.
Demirəm bütün
boşanan qadınlar “ilahi məxluq”dular. Xeyr. Sadə çox zaman “qurunun oduna
yaş da yanır”.
Daşlaşmış,
qəlibləşmiş stereotiplər, “Duvaqla girib, kəfənlə çıxmalısan” fikri Azərbaycan
qadının xoşbəxtliyinin üzərindən iri qara xətt çəkir. Boşanmış qadının ikinci
şansı olmur. O ya övladını tək başına böyütməlidir, ya kiminsə müvəqqəti
sevgilisi olmalı, ən yaxşı halda isə kiminsə “ikinci qadın”ı olmalıdır.
Axı niyə
cəmiyyət boşanmış qadınları başa düşmək istəmir. Kim istəyər ki, ailəsi
dağılsın, ortada qalsın, kiməsə möhtac olsun. Bütün qadınlar çalışırlar ki, ailələr,
onların sevən həyat yoldaşları olsun. Amma həyatdır, gətirməyəndə gətirmir.
Bunun üçün niyə qadını günahlandırırıq? Birinin həyat yoldaşı narkomandırsa,
birinin yoldaşı ona fikir verməyib evinə gəlmirsə, birinin yoldaşı içib
qadını döyüb, söyürsə, qadın bütün bunlara niyə dözməlidir? Hər zaman
demirsiniz ki, qadın incə məxluqdur? Bu incə məxluqun əzaba dözmə həddi var,
bıçaq sümüyə dirənəndə qadın cəmiyyəti, stereotipləri deyil, yalnız özünü
düşünmək məcburiyyətində qalır.
Bir neçə gün
öncə Günay Məmmədova da Azərbaycanın qəlibləşmiş stereotiplərinin qurbanı oldu.
“Boşanmısansa sənin xoşbəxt olmaq haqqın yoxdur”, “Boanmısansa ikinci
ailə haqqında xəyallar qurma”, “Boşanmısansa kiminsə sevgilisi olmalısan”....
Əxlaqlısınız,
əxlaqdan danışırsınız, bakirə olmayan, ailə qurub boşanmış qadını gəlin kimi
görmək istəmirsiniz. Bəs məzarda görmək necə? Ürəkləriniz rahat oldumu?
Vicdanınız necə?
Günay Məmmədova
bəlkə də ən rahatı seçdi, iyrənc düşüncəli insanların arasından
getdi. Amma bunu etməyənlər, edə bilməyənlər çoxdur. Bu gün boşanmış Azərbaycan
qadınları Nərimanov parkında, Tbilisi prospektində, Səməd Vurğun bağında,
Türkiyədə, Dubayda sizin əxlaq dəyərlərinizi zirvələrə ucaldırlar. Fəxr
edin əməllərinizlə! Günahkar sizsiniz! Bax elə sən! Nə qədər ki, bu köhnədən
qalma fikirləri, axmaq stereotipləri əldə bayraq kimi gəzdirəcəksiniz,
boşanmış Azərbaycan qadınları ya məzarda olacaq, ya da
adınızı hər yerdə ucaldacaqlar..