"Sirus Təbrizli həmişə olduğu kimi dünən axşam tərəfi də zəng vurdu. O, danışmağı daha çox sevirdi. Amma arada qulaq da asırdı, səni dinləyirdi".
Moderator.az-ın verdiyi xəbərə görə, tanınmış jurnalist və hüquq müdafiəçisi Eynulla Fətullayev özünün Facebook səhifəsində, bu gün səhər saatlarında vəfat edən keçmiş YAP-çı Siruz Təbrizlinin dünən onunla telefon əlaqəsi saxladığını yazıb.
Statusu olduğu kimi təqdim edirik:
O,
həmişə çox emosional, ötkəm danışırdı. Çılğın idi. Ölkədə baş verən hər
hadisəyə, hər şeyə görə bərk həyəcan keçirirdi. O, ətrafında baş verənlərə
biganə qala bilmirdi. Laqeydlik hissi ona yad idi.
Dünənki
telefon danışığımızda belə razılaşdıq ki, Sirus müəllim xanımı ilə birgə
dincəlməyə getdiyi Nabrandan qayıdandan sonra - sentyabrın 10-da görüşək. Dəniz
onu həmişə özünə çəkirdi. Amma onun həyat sevgisi, yaşamaq eşqi sonsuz idi.
O,
dünən mənə dedi ki, prezident seçkiləri ilə bağlı geniş müsahibə vermək
istəyir. İstəyir ki, ölkənin gələcəyi ilə bağlı, bir vaxtlar (artıq həmişəlik
itirilmiş vaxtlar!) arxitektorlarından biri olduğu bu hakimiyyəti necə görmək
istəməsi ilə bağlı fikirlərini bildirsin. Sirus bəy hakimiyyətə yaxın olmasına,
dünənə qədər həm Arif Paşayevlə, həm Bəylər Əyyubovla, həm də Əliyev
hökumətinin digər yüksək rütbəli məmurları ilə sıcaq münasibətlərdə olmasına
baxmayaraq inanılmaz dərəcədə azad və azadlıqsevər adam idi. Təzadlıdır, amma
belədir: o, hakimiyyətin antitezası olsa da bu hakimiyyəti özünün elə həmin bu
iqtidara yad olan dəyərlər uğrundakı şəxsi mübarizəsi ilə eyniləşdirirdi. Onun
özü Heydər Əliyev hakimiyyətinin doğurduğu ən böyük paradoks idi.
Sirus
bəy dünən mənə dedi ki, Satanovskinin “Prezidentə tövsiyələr” kitabını nəhayət
alıb və çox istərdi ki, seçkilər ərəfəsində o da İlham Əliyev haqda nəsə belə
bir şey yazsın. Sirus bəy İlham Əliyevi öz liderinin güclü xələfi kimi görmək
istəyirdi, lakin həm də onun bürokratik aparatında baş verənləri heç cür qəbul
etmirdi. Onun diletantlığı, yekəxanalığı, məmurların amiranəliyini,
tayfabazlığını, korrupsiyanın görməyə gözü yox idi...