Şəhid Əli Mahmudovun həyat yoldaşı Gülzar
Şirinova Nəsimi rayonunda yaşayır, amma əşyaları Xətai rayonundadır.
Qubadlı rayonundan məcburi köçkün düşən qadın 3 ilə yaxındır ki, ailəsi
ilə birgə yaşadığı evdən çıxarılıb. Xətai rayonu Natiq Əliyev küçəsi 10 ünvanından
onlara heç bir səbəb göstərilmədən bir gün ərzində evlərini boşaltmaq tələb
olunub. Ailə evi 1995-ci ildə notarius vasitəsilə pul ödəməklə alıb.
2011-ci ilin yanvarında onlar evlərindən məcburi çıxarılıb. “Ev zavodun tərkibində idi, kupçi vermirdilər ki, onsuz da söküləcək. Məndən başqa iki nəfəri narkotik üstündə həbs elədilər ki, evlərindən çıxsınlar. O yeri sökməli idilər. 15 dəqiqənin içində bizi küçəyə atdılar. Əşyalarımız həmin evimizin həyətində qalıb” - G.Şirinovanın kürəkəni deyir. Əşyaların üstünə çadır vurulduqdan sonra bir daha açılmayıb. 3 il müddətində küçədə qalan mebellərin və digər əşyaların hansı vəziyyətə düşdüyünü ailə üzvləri bilmir.
Ailə 5 nəfərlə Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsinə köçüb. Ev 8 metrlik bir otaqdır. Gülzar Şirinova deyir ki, bu evdə 8 nəfərin yaşadığı günlər olub. Ailə köçəndən sonra qonşuların köməyi ilə evə sanitar qovşaq çəkiblər. Sanitar qovşağın qapısı otağın içindəndir. Qapıdan keçmək üçün də ikiqat əyilmək lazımdır. Evin bütün əşyaları divarlara bərkidilib ki, 8 metrlik ev daha da daralmasın. G.Şirinova deyir ki, iki azyaşlı nəvəsi bir evdə dərs oxuya bilmir. “Deyirlər, Azərbaycanda elə qanun yoxdur ki, sizə kömək edək. ”Qaçqınkom"un sədri Əli Həsənovla görüşdüm. O qədər danışdım, bir kəlmə də dinmədi. Axırda əli ilə işarə etdi ki, dur çıx get. Heç ağzını da açmadı... Özümü çox pis hiss elədim. Dedim indi ürəyim dayanacaq".
G.Şirinova ev almaq üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Qubadlı, Cəbrayıl, Xətai Icra hakimiyyətlərinə müraciət edib. Cəbrayıl rayonunun icra başçısının birinci müavini Əyyub Quliyev istəyən şəhidin yoldaşına deyib ki, “şəhidin şəklin lövhəyə vurmuşuq, daha nə istəyirsiniz?”
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Azadlıq”a bildirdilər ki, mətbuat katibi Elçin Qədimov gün boyu işdə olmayacağına görə suallarımızı cavablandıra bilməyəcəklər. E.Qədimovun isə mobil telefonu cavab vermədi.