Qarabağ probleminin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın səyləri davam etdiyi bir zamanda erməni tərəfinin təxribatçı bəyanatları davam edir.
Moderator.az xəbər verir
ki, bir müddət bundan öncə müharibə olacağı təqdirdə Mingəçevir su anbarını
vuracaqlarını dilə gətirən Ermənistanın keçmiş müdafiə naziri general-leytenan
Vaqarşak Harutyan, bu dəfə Bakının neft komplekslərini sıradan çıxaracaqlarını
bildirib. Düşmən generalı Bakıdakı bütün neft komplekslərinə çıxışa malik
olduqlarını, bunun tamamilə mümkün olduğunu vurğualayıb.
Bundan başqa, V.Harutyan
Gəncə və Sumqayıta da zərbə endirəcəklərini qeyd edib. Sabiq müdafiə nazirinin
sözlərinə görə, istər Bakıya, istərsə də Gəncə və Sumqayıta raket zərbələri
endirməkdə məqsəd Azərbaycanın iqtisadi potensialını məhv etmək olacaq.
Məlumat üçün qeyd edək
ki, Ermənistanın keçmiş müdafiə naziri Mingəçevir su anbarına raket zərbəsi
endirmək təşəbbüsünün də qızğın müdafiəçilərindəndir.
Onu da xatırladaq ki, Ermənistanda
son vaxtlar bu cür təxribatçı, avantürist bəyanatların sayı artmaqdadır. Bunda
məqsəd erməni cəmiyyətini 2016-cı ilin aprel döyüşlərində rüsvayçı məğlubiyyətə
uğrayan işğalçı ordunun gücünə inamını bərpa etmək, habelə, Ermənistan cəmiyyətinin
diqqətini daxildəki problemlərdən yayındırmaqdır.
Seymur ƏLİYEV