Beynəlxalq
Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Moderator.az-ın Apasport.az
saytına istinadən verdiyi məlumata görə, dünya çempionatının yekununa əsasən
müəyyənləşən siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün uğurlu alınıb.
Burada isə təmsilçilərimizin Braziliyada keçirilən mundialda ilk görüşdəcə
məğlub olmaması öz rolunu oynayıb.
Belə ki, Peter Zayzenbaherin başçılıq etdiyi komandada dünya çempionatının
qızıl medalını qazanan Elxan Məmmədov (100 kq) öz çəkisində liderə yüksəlib.
Adını Azərbaycan tarixinə yazdıran 31 yaşlı cüdoçu 2376 xalla ikinci yerdə
qərarlaşan və mundialın finalında məğlub etdiyi Henk Qrolu (Hollandiya) nə az,
nə çox 446 xal qabaqlayır. Ondan əlavə, yarışın bürünc medalına sahib olan
Orxan Səfərov (60 kq) da mövqeyini yaxşılaşdırıb. Perspektivli idmançımız 22-ci
yerə qalxıb.
Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 2, Nicat Şıxəlizadə (66
kq) 4, Tural Səfquliyev (81 kq) 1, Şahin Qəhrəmanov (90 kq) 3 və Kifayət
Qasımova (57 kq) 8 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 13-cü, 7-ci,
26-cı, 7-ci və 16-cı yerlərə yüksəliblər. Onlardan fərqli, Elmar Qasımov (100
kq) mövqeyini qoruyaraq, 7-ci pillədə qalıb.
Təmsilçilərimizdən ən çox geriləyəni isə Ramilə Yusubova (63 kq) olub. Son
vaxtlar yarışlara qatılmayan həmyerlimiz 14 rəqibini özündən irəli buraxaraq,
55-ci yerə düşüb. Elə Olimpiya çempionumuz Elnur Məmmədlinin (81 kq) də ona
“çatmasına” az qalıb. Olimpiadadan sonra cüdoçu bu dəfə 6 pillə aşağı düşərək,
48-ci yerdə qərar tutub. Onlardan əlavə, 2 pillə gerilən Rüstəm Orucov (73 kq)
12-ci, 5 rəqibini irəli buraxan Tərlan Kərimov (66 kq) 34-cüdür.
Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən
verilir.