Rus hərbi gəmisi Aralıq dənizinə
doğru hərəkət edir; Əsədin sabiq müdafiə naziri Türkiyəyə qaçdı
Dünən
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Suriya ilə bağlı keçirilən dinləmələr
Vaşinqtonu Bəşər Əsəd rejiminə qarşı hərbi müdaxiləyə bir addım da yaxınlaşdırıb.
Dinləmələr zamanı dövlət katibi Con Kerri və müdafiə naziri Çak Hagel
senatorlara Suriyada Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi
silahlardan istifadə etməsinə dair dəlilləri təqdim ediblər. Komitə Suriyaya
hərbi müdaxilə ilə bağlı olaraq qərar layihəsi hazırlayıb.
Maksimum 90
gün...
Layihəyə əsasən, prezident Barak Obamaya Suriyaya qarşı hərbi
müdaxiləyə əmr vermək səlahiyyəti verilir. Lakin hərbi müdaxilənin özü məhdud
xarakter daşıyacaq. Belə ki, hərbi əməliyyatlar üçün 60 günlük müddət nəzərdə
tutulub və bundan sonra zərurət olarsa, bu müddətin yalnız bir ay artırılması
məsələsi gözdən keçirilə bilər. Yəni istənilən halda hərbi müdaxilə 90 gündən
çox davam edə bilməz.
Quru qoşunları
əməliyyata qatılmayacaq
Həmçinin həbi əməliyyatlarda ABŞ-ın quru qoşunlarının
iştirakına qadağa qoyulub. Heç bir Amerika əsgərinin ayağı Suriya torpağına
dəyməyəcək. Əməliyyat yalnız hava qüvvələri tərəfindən həyata keçiriləcək.
Bundan
başqa, qərar layihəsi Obamaya cəza xarakterli hava zərbələrini təkrarlamağa
icazə vermir. Bu yalnız o zaman baş verə bilər ki, Bəşər Əsəd rejimi kimyəvi
silahdan təkrarən istifadə etsin.
Əslində
Obamanın özü də əvvəllər dəfələrlə deyib ki, Bəşər Əsəd qüvvələrinə qarşı hərbi
zərbələr zaman və məkan baxımından məhdud olacaq. Yəni prinsip etibarilə, Senat
komitəsi elə Obamanın istədiyi varianta razılaşır. Bununla belə, Obamanın
müzakirəyə təqdim etdiyi qərar layihəsində əməliyyatların miqyası daha böyük
nəzərdə tutulurdu. Qanunvericilərin tənqidinə cavab olaraq Obama bildirmişdi
ki, o, Senat üzvlərinin bu qərar layihəsinə dəyişikliklər etməsinə etiraz
etmir. Qeyd edək ki, layihənin güzəştli versiyasını demokrat senator Robert
Menendez və respublikaçı senator Bob Korker birlikdə hazırlayıblar.
Layihə
komitədə qəbul edildikdən sonra Senatın tam tərkibində səsverməyə çıxarılacaq. Səsvermə
Senatın avqust tətilindən sonra - sentyabrın 9-da baş tutacaq.
Rus gəmisi
Aralıq dənizinə doğru...
Xatırladaq ki, dünən Rusiya prezidenti Vladimir Putin də Suriya
haqqında açıqlamalarla gündəmdə olub. O, ABŞ-a birtərəfli qaydada hərbi
müdaxilənin arzuolunmaz nəticələri ilə bağlı xəbərdarlıq edib. Putin bildirib
ki, əgər Bəşər Əsəd hakimiyyətinin kimyəvi silahlardan istifadəsinə dair
tutarlı sübutlar ortaya qoyularsa, BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya
qarşı hərbi müdaxiləyə dəstək verə bilər.
Bu
açıqlamalarla eyni vaxtda Rusiyanın raketdaşıyan hərbi gəmisinin Aralıq
dənizinə yaxınlaşması barədə xəbərlər də yayılıb.
Əsədin müdafiə
naziri Türkiyəyə qaçdı
Günün ikinci yarısında yayılan xəbərlərə görə, Suriyanın
sabiq müdafiə naziri Əl-Həbib ölkədən qaçaraq Türkiyəyə sığınıb. Suriya
Beynəlxalq Koalisiyasının yüksək vəzifəli yetkililərindən olan Kamal əl-Labvani
bildirib ki, Əl-Həbib rejimdən qaçmağı bacarıb və artıq Türkiyədədir.
ABŞ
ordusu Suriyaya zərbə endirməyə hazırdır
Bölgədə
cəmlənmiş ABŞ ordusunun birləşmələri Suriya rejiminə qarşı əməliyyat keçirməyə
hazırdır. Bu barədə isə ABŞ-ın müdafiə naziri Çak Heygel Senatın xarici
əlaqələr komitəsində çıxışı zamanı bəyan edib. “Biz qüvvələrimizi bölgədə ona
görə cəmləmişik ki, bu cür əməliyyatı həyata keçirmək üçün imkanımız olsun. Biz
general Dempsi ilə (ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin birləşmiş
komitəsinin sədri general Martin Dempsi) prezidentə onun əmrini icra etməyə
hazır olduğumuz barədə raport vermişik”, -deyə Heygel bildirib. (apa)
Rusiya
Suriyaya hərbi yardımı dayandırdı
Rusiya S-300 raket kompleksinin detallarının Suriyaya
çatdırılmasını dayandırıb. Rusiya prezidenti Vladimir Putin bununla bağlı
müvafiq əmr verib. Qeyd edək ki, Rusiya Əsəd rejiminə müxalifət qüvvələri ilə
müharibəyə yaxından kömək göstərmək üçün S-300 raket kompleksləri üzrə xüsusi
komponentləri göndərirdi.
Putin də
Əsədi “vura” bilər
“Rusiya
Suriyada hərbi əməliyyatlara razılıq verəcəyini bir halda istisna etmir, əgər
Bəşər Əsədin kimyəvi silahdan istifadə etməsi təsdiqini taparsa”. Bu sözləri
Rusiya prezidenti Vladimir Putin "Associated Press”ə müsahibəsində deyib.
Putin
həmçinin qeyd edib ki, bu, BMT-nin sanksiyalarından sonra mümkün ola bilər:
“Mən bunu (Rusiyanın razılığını) istisna etmirəm. Lakin diqqətinizi tamamilə
prinsipial bir məqama çəkmək istərdim. Mövcud beynəlxalq qaydalara uyğun
olaraq, müstəqil dövlətə qarşı silah tətbiq etməklə bağlı sanksiyanı ancaq
BMT-nin Təhlükəsizlik Şurası verə bilər. Müstəqil və suveren dövlətə qarşı güc
tətbiq etməyə haqq qazandıracaq istənilən digər səbəblər, yollar
qəbulolunmazdır”. Putin həmçinin bildirib ki, hələ ki, Suriyada nə baş
verdiyinə dair dəqiq faktlar yoxdur və hər şey sakitcə araşdırılmalıdır.
"Türkiyə
hərbi əməliyyatlarda iştirak etməyə hazırdır"
"Türkiyə
istənilən koalisiyanın tərkibində Suriyaya qarşı hərbi müdaxilədə iştirak
etməyə hazırdır". Trend-in "TRT Haber" telekanalına istinadən
verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə hərbi müdaxilə olacağı
təqdirdə bütün mümkün ssenarilərə hazırdır: "Suriya ölkədə hərbi
əməliyyatlarda iştirak edən dövlətlərə cavab zərbələri endirsə, Türkiyə bununla
bağlı bütün hazırlıq işləri görəcək".
“Türkiyə
və İordaniyanı vuracağıq”
“ABŞ Suriyaya
hücum edəcəyi təqdirdə, Suriya ordusu tək İsrailə deyil, Türkiyə və İordaniyaya
da zərbə endirəcək”. Lent.az-ın verdiyi məlumata görə, bunu da “Wall Street
Journal”a müsahibəsində Suriya xarici işlər nazirinin müavini Faysal əl-Miktad
söyləyib. Faysal əl-Miktad ABŞ-ın bölgədəki müttəfiqləri olan Türkiyə və
İordaniyanın iki dəfə düşünməli olduğunu bildirib. Onun sözlərinə görə, savaş
başlayarsa, xaos yaranacaq, prosesləri heç kim nəzarətdə saxlaya bilməyəcək:
“Türkiyə qəti olaraq Suriyaya qarşı əməliyyata dəstək verir. İordaniya isə bitərəf
olduğunu açıqladı, ancaq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu ölkədə və Səudiyyə
Ərəbistanında hazırladığı döyüşçülər hazırda Suriyada hökumətə qarşı
savaşırlar. Suriyaya hücum İordaniyadan başlayarsa, İordaniya bunun acı
nəticəsini görəcək”.
Amerika xalqını sevdiklərini bildirən Faysal əl-Miktad deyib
ki, ərəb əsilli bir çox amerikalı var, onların da bir qismi suriyalıdır: “Biz
ABŞ-la savaş istəmirik. ABŞ-ın əməliyyatı Vaşinqtonun Suriyada dəstəkləməyi
düşündüyü dünyəvi müxalifləri deyil, “Əl-Qaidə” terror təşkilatına bağlı
qrupları gücləndirəcək. Konqresin bu hücuma yaşıl işıq yandırması Suriya xalqı,
ABŞ xalqı və bölgədəki hər kəs üçün bir faciə olar. ABŞ bölgədəki tək dünyəvi
siyasi sistemlə savaşaraq nə qazanacaq?”. Suriyaya hücum olacağı təqdirdə
Dəməşqin müttəfiqləri olan İran və Rusiyanın yardıma gələcəklərini bəyan edən
Faysal əl-Miktad bu yardımın detallarını açıqlamayıb: “Hazırda özümüzü müdafiə
etməyimiz üçün Rusiya bizə silah verir”.
İsraildə
səfərbərlik elan olundu
Suriyadakı
vəziyyətlə bağlı bu ölkənin hakimiyyəti ABŞ-ın Yaxın Şərq regionundakı
müttəfiqi İsrailə də zərbələr endirməyi planlaşdırır. Milli.Az-ın Rusiya
mətbuatına istinadən xəbər verir ki, İsrail də cavab atəşinə hazırlaşır. Məlumata
görə, artıq İsrail raketləri Suriyaya doğru istiqamət alıb, ordu döyüş
hazırlığı vəziyyətinə gətirilib.
“Suçlu cəzasız
qalmamalıdır”
BMT-nin baş katibi Pan Ge Mun
bildirib ki, Suriyada kimyəvi silah tətbiqi sübuta yetirilərsə, o zaman
Təhlükəsizlik Şurasının birləşib, fəaliyyət göstərməsi vacib olacaq. Lent.az-ın
«BBC»-yə istinadən məlumatına görə, o, bildirib: «Kimyəvi silahı istənilən
tərəfdən, istənilən şəraitdə istifadəsi beynəlxalq hüquq normalarının ciddi
şəkildə pozulması və görünməyən hərbi cinayətdir. İstənilən cinayətkar qanun
qarşısında cavab verməlidir. Suçlu cəzasız qalmamalıdır».
Baş
katib qeyd edib ki, istənilən şəkildə hərbi müdaxilə orada şəraiti daha da
gərginləşdirər: «Güc tətbiqindən özünümüdafiə məqsədi və ya Təhlükəsizlik
Şurasının icazəsindən sonra istifadə etmək olar».