Xarici siyasət məsələləri üzrə
sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Suriya ətrafında yaranmış
vəziyyəti «Bİzim Yol» qəzetinə şərh edib. Politoloq ABŞ-ın hərbi müdaxilə
qərarının perspektivi, bundan sonra regionda cərəyan edəcək proseslər,
Rusiyanın, İranın, Əsəd rejiminin adekvat addımlarının nədən ibarət olacağı
barədə fikirlərini bölüşüb. Vəfa Quluzadə ilə geniş müsahibəni oxucularımıza
təqdim edirik.
- Vəfa
müəllim, artıq Rusiya informasiya mənbələri ABŞ Senatının xarici işlər
komitəsinin Suriyanı 60 gün bombalamaq haqqında razılıq verdiyi xəbərini yayıb.
ABŞ niyə yerüstü əməliyyatlara yox, bombalamağa üstünlük verdi?
-
Birincisi, Amerika ordusu 60 gün bombardman edə bilər, əgər vaxt çatmasa, 30
gün də əlavə edəcək. Senatın müvafiq komitəsinin qərarı belədir. Təsəvvür
edirsinizmi, Amerikanın raket və bombaları Bəşər Əsədin bütün infrastrukturunu
darmadağın edəcək. Hesab edirəm ki, Suriyada əsgəri əməliyyata ehtiyac yoxdur.
Çünki müxalifət iki ildir Bəşər Əsəd rejimin əleyhinə müharibə aparır, artıq
müstəqil Suriya ordusu var və müxalifətdə olan hökumət var. Bu cür şəraitdə
Suriyaya qoşun yeritməyə ehtiyac yoxdur.
- Bütün
dövrlərdə humanitar faciəni əsas tutan Vaşinqton bombalanmaya başlayanda mülki
əhalini nəzərə alacaqmı?
-
Əvvəla, Amerikanın zərbələri dəqiq olacaq, amma bu zərbələr nə qədər dəqiq olsa
da, fəsadları da olacaqdır. Buna görə də məsuliyyət Vaşinqtonun yox, Bəşər
Əsədin üzərində olacaq. Çünki Bəşər Əsəd regionun ən mürtəce qüvvələriylə
ittifaqa girib, İran, Rusiya, Hizbullahla, Yaxın Şərqdə ABŞ-a dirəniş göstərir.
Bu şəraitdə Bəşər Əsəd öz xalqını düşünən adam idisə gərək xalqının əleyhinə
müharibə aparmayaydı. 7 ay suriyalılar mübarizə ediblər, üsyan ediblər, Cümə
namazlarından sonra küçələrə çıxıb məscidlərdən etirazlarını bildiriblər, amma
Əsədin bunlara cavabı raket, bomba, tank və s. olub. Vətəndaş müharibəsi bu
cavablardan sonra qızışdı. Bilirsiniz, diktatorlar heç vaxt öz xalqlarına rəhm
etmirlər, onlar sonuncu vətəndaşlarına qədər müharibə etməyə hazırdırlar.
- Qərb
Əsədin kimyəvi silaha malik olduğunu və istifadə etdiyini bəyan edir, əgər
müharibə başa çatandan sonra bu təsdiqlənməsə, o zaman necə olacaq? Necə ki,
İraq müharibəsindən əvvəl Səddam Hüseynin nüvə silahının olduğunu söyləsələr
də, sonradan bu təsdiqini tapmadı...
-
Artıq Əsədin kimyəvi silahı olduğu təsdiqlənib. Həm də məlumdur ki, Bəşər
Əsədin kimyəvi silahını 1993-cü ildə Rusiya yaradıb. O zaman kimyəvi silahın
yaranmasına imza atan baş nazir Şumeyko olub. Bəşər Əsədin kimyəvi silahı
İsrailin əleyhinə yönəlmişdi, yəni İsraildə nüvə silahı varsa, Suriya hökuməti
də Təl-Əvivi sıradan çıxartmaq üçün kimyəvi silaha malik olmalıdır. Kimyəvi
silahı Rusiya yaratdığından Kreml rəhbərləri Bəşər Əsədi bu dərəcədə müdafiə
edir. Ki, o, kimyəvi silahdan istifadə edə bilər, məsələ ondadır ki, biz kimə
inanaq? Amerika, Fransa, Almaniya kəşfiyyatları Suriyanın kimyəvi silaha malik
olduğunu və istifadə etdiyini bəyan edir, Rusiya isə əksini söyləyir. Halbuki,
həmin silahı elə Rusiya yaradıb. İkincisi, silah məsələsini qoyaq kənara, bu
prosesdə böyük strateji məsələlər var, artıq İran nüvə bombasını yaradır,
Suriya böyük miqdarda kimyəvi silaha malikdir, Hizbullah da Tehran tərəfindən gücləndirilib.
Nəhayət, Suriyaya Rusiyadan silah axını gedir. Bu, geosiyasi baxımdan ABŞ-a nə
qədər faydalıdır? Ona görə ABŞ Suriyada Əsəd rejiminə qarşı başlanan üsyanı
dəstəkləyə də bilər. Çünki Amerikanın milli maraqları var axı. Yaxın Şərqə
İranla Rusiya rəhbərlik etsin, belə təhlükə var.
- Ancaq
ABŞ neçə illərdir Rusiyaya milyonlarla vəsait ayırır ki, rusların nüvə
yatırımları daha təhlükəsiz olsun və rus alimləri başqa ölkələrə getməsinlər. Belə
çıxır ki, Kremlin Suriyaya dəstəyi Ağ Evin nəzərindən yayınıb?
-
Bilirsiniz, Rusiya nüvə dövlətidir, olduqca zəifləmiş, türklər demişkən, lap
yırplanmış imperiyanın qalıqlarını təşkil edirlər. Amma nüvə silahı var. Ona
görə Amerika öz əməliyyatını özünə faydalı vaxtda aparır, artıq bütün dünyaya
aydındır ki, burada nüvə silahı olmasa da, öz xalqının əleyhinə müharibəni Əsəd
aparır. Müharibə nəticəsində Suriya əhalisinin yarısı qaçqın vəziyyətindədir,
görün neçə milyon insan susuz, ac vəziyyətdə səhralara səpələnib, uşaqlar,
qocalar, qadınlar çadırlarda yaşayır. Buna kim məsuldur, Amerikamı?
- Barak
Obama hərbi əməliyyatı qısa və dar çərçivədə aparılmasına üstünlük verir, belə
olanda istədiyi zaman müharibəni bitirə biləcəkmi?
- Bunu
zaman göstərər. Əgər müharibə tələb etsə ki, 3 ay da artıq olsun, mən inanıram
ki, Konqres yenə də imza atacaq. Çünki əsas məqsəd Bəşər Əsəd rejimini aradan
götürməkdir, bu rejim həqiqətən də cinayətkardır. Onun atası Hafiz Əsədin də
rejimi beləydi, amma atasının hakimiyyəti SSRİ-yə arxalanmışdı. Onun əleyhinə
qalxan Suriya xalqını qanına qəltan etmişdi, 30 min adamı bir günə öldürtdü.
- Oğlu isə
Çin, Rusiya və İrana arxalanır...
- Nahaq yerə,
gərək hər adam özünə arxalansın.
-
Bu arxalanmağın nəticəsi olacaqmı?
- Yox,
artıq nəticəsi yoxdur. Məsələ ondadır, veto müharibəni uzatdı, Kremlin
səylərinə görə müharibə 2 il uzandı, minlərlə insan da həlak oldu. Ancaq
Amerika 2 ildə ətraflı müharibəyə hazırlaşdı, mən buna tam əminəm. Bölgəyə
çəkilən bazalar, hətta sualtı gəmilər, təyyarə daşıyan gəmilər, bunlarda nüvə
başlıqları da var. Əgər regionda Rusiya, İran, Hizbullah özbaşınalıq etsələr,
cavablarını alacaqlar.
- Dediyiniz
özbaşınalıq olsa müharibə bir qədər də uzana bilərmi?
- Belə olsa, müharibə daha
sürətli ola bilər. Yəni Vaşinqton daha güclü silahlardan istifadə edəcək.
- Bəs Əsəd
İsraili vura bilməzmi?
- İnanmıram. Amerikanın hərəkətindən sonra Əsəd başının
hayında olacaq.
- Bu prosesdən
İran hansı durumda çıxacaq?
- İran Amerikayla müharibə etmək səviyyəsində deyil axı. Əgər
İran nüvə silahını əldə etmiş olsaydı, o zaman vəziyyət daha gərgin olardı. Ona
görə strateji baxımdan ABŞ indi bu məsələləri elə həll etsin ki, nə İranın nüvə
silahına “əli çatsın”, nə də Suriya kimyəvi silahla İsraili vura bilsin.
- Bu
olaylarda məyusedici amillərdən biri azərbaycanlıların Suriyada döyüşməsidir,
torpağımızın işğal altında olduğu zamanda...
- Mən bunların
həqiqət olub-olmadığını bilmirəm, ona görə heç bir şərh vermək istəmirəm.
-
Ancaq telekanallar şəkillərini və videolarını göstərir...
- Telekanallar
o qədər şəkil göstərib ki, bunların hamısı həqiqətə uyğun olmayıb. Açığı
deyirəm, bu məsələni bilmirəm.
-
Məsələ ondadır ki, ölənlərin valideynləri də mətbuatda danışıb...
- Bilirsiniz,
artıq SSRİ yoxdur, sərhədlər açıqdır, azərbaycanlılar öz torpaqlarının işğaldan
azad olunması uğrunda müharibə edə bilmirsə, gedib başqa yerlərdə döyüşürlər.
Ukrayınlar Çeçenistanda Rusiyanın əleyhinə müharibə aparırdılar. Bütün bunlar
SSRİ-nin çökməsindən sonra yeni reallıqlardır, yadınıza gəlirmi, əfqanlar gəlib
bizimlə birgə ermənilərə qarşı müharibə aparırdılar. Ona görə baş verənlərə
normal baxın.
- Bəs hakimiyyətin bunlara münasibəti necə olmalıdır?- Hakimiyyət nə etməlidir, iqtidarın bu məsələlərə aidiyyatı yoxdur axı. mən Vəfa Quluzadə olaraq təyyarəyə bilet alıb gedirəm Türkiyəyə, oradan da Suriyaya. Bilirsiniz, malı mala qatmayın. Azərbaycan hakimiyyətinin bu məsələyə heç bir dəxli yoxdur.
-Amma
orada ölənlər Azərbaycan vətəndaşıdır...
- Nə etsin
hakimiyyət? Bir daha deyirəm, mən Vəfa Quluzadə olaraq Suriyaya döyüşməyə
getsəm, kim mane ola biləcək? Heç kim!