Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik...
Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki, Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün maraqlı olar.
Tamerlan Qarayev: "Gələcək nəsillər Heydər Əliyevin 50 nəfərlik Milli Məclisin sədri seçilməsinin qanuniliyinə irad tutacaqlar..."
“...Tamerlan Qarayev gözlədi ki, Heydər Əiyev sözünü qurtarsın və sonra “müzakirəyə ehtiyacın olub-olmamasını” səsverməyə çıxardı. Elektron hesablayıcı “yox” cavabını verdi. Sonra o, ikinci səsverməni elan etdi - deputatlar yeni sədrin seçilməsini istəyirlər, ya yox. Cavab 36 nəfərin iki nəfərə qarşı səsi ilə “Hə” oldu...
Hələ Tamerlan səsvermənin nəticələrini elan etməmişdi ki, Xalq şairi Bəxtiyar Vahabzadə - çoxu tərəfindən təklif olunan qeyri-rəsmi sədr yerindən sıçradı – o, yaxşı bilirdi ki, bütün millət onu televiziya vasitəsilə izləyir...
“Həmkarlar, həmvətənlər! Gəlin, bir dəfə açıq danışaq! Bizim böyüyə ehtiyacımız var, uşağa yox! Bütün millət onu gözləyir! Gəlin uzatmayaq, bu ölkənin - sevimli Azərbaycanımızın timsalı və mücəssəməsi olan bu kişini yenidən müzakirələrlə yorub adımızı ləkələməyək! Xahiş edirəm, mənim təklif etdiyim namizədi qəbul edin! Heydər Əlirzayeviç, bizə layiq olduğumuz əmin-amanlığa, uğurlara və xoşbəxtliyə doğru irəliləmək üçün yol göstər!..”
Vahabzadənin Heydər Əliyevi russayağı adlandırması, əlbəttə ki, bir qədər gülməli idi, amma bunun elə bir əhəmiyyəti yox idi...
Heydər Əliyevdən namizədliyə razılığını verib-vermədiyini soruşdular, o, başı ilə işarə etdi ki, lap yaxşı...
Rəhim Qazıyev Heydər Əliyevin qanuni statusu haqqında soruşanda sessiyanın gedişi də bir anlıq pozuldu – kim idi o? – Naxçıvan Məclisinin sədri, yoxsa 50 nəfərdən ibarət Milli Parlamentin, yaxud işində fasilə verilmiş 350 nəfərlik Ali Sovetin sədr müavini?..
Baxmayaraq ki, bu, öz-özlüyündə yaxşı məqam idi və bu sual daha yaxşı kimsə tərəfindən verilə bilməzdi. Lakin, görünür, doğrudan da həmin səfər zamanı nə isə baş tutmamışdı, çünki Rəhim Qazıyev Heydər Əliyevin mandatına dair sualı verməklə öz əlləri ilə özünə qəbir qazımış oldu...
Tamerlan Qarayev etiraf etdi ki, bu, potensial mübahisə doğuracaq məsələdir.
"Gələcək nəsillər Heydər Əliyevin 50 nəfərlik Milli Məclisin sədri seçilməsinin qanuniliyinə irad tutacaqlar. Təcili olaraq onu etmək olar ki, qanun layihəsinə yalnız bir dəfə yol verilən düzəliş etməklə MM üzvlərinin sayı 51-ə çatdırılsın – yeni qəbul olunmuş üzv Heydər Əliyev olmaq şərti ilə..."- deyə sədr müavini təklif etdi.
“Bu biabırçılıqdır!” – Mütəllibovun başqa bir tərəfdarı qışqırdı,- Bu gün bu, 51-dir. Sabah niyə 52 olmasın? Birisi gün isə 53? Ürəyinizdən keçirsə, hər gün qanunu dəyişdirə bilərsiniz!..”
Yaqub Məmmədov Məclisin buraxılması və Ali Sovetin bütünlüklə yenidən bərpa olunması tələbini təkrar etdi – məgər onun başına gələnlər deputatların yadında deyil? Lakin onun üstünə qışqırıb yerində oturtdular və deputatlar 34 səs lehinə, 2 əleyhinə və 1 səs bitərəf olmaqla səs verərək öz saylarını daha bir nəfərlə - Heydər Əliyevlə artırdılar...
Daha sonra yeni sədrin seçilməsi vaxtı çatdı. Burada heç bir sürpriz-filan olmadı. Vahabzadə bir də Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürdü və namizəddən bu təklifi qəbul edib-etmədiyini soruşdular. O, qəbul etdi...
Başqa namizədlər var idimi? Xeyr, yox idi.... Qaydaya uyğun olaraq Heydər Əliyevdən xahiş etdilər ki, kürsüyə qalxsın və gələcəyə dair fikirləi ilə bölüşsün. Sonra isə həmkarları həlledici “Hə”, yaxud “Yox” səslərini verməmişdən qabaq bir daha ictimaiyyət adından onu nəzərdən keçirsinlər. O, ayağa qalxdı, kürsüyə keçdi və gözlədi. Lakin ona heç bir sual verilmədi və odur ki, keçib yerində əyləşdi. Sonra Tamerlan Qarayev məsələni səsverməyə çıxardı. Qeydiyyatdan keçmiş 38 deputatın 34-ü lehinə, 3-ü əleyhinə səs verdi, biri isə bitərəf qaldı...
Heydər Əliyev razılıq nitqi söyləmək üçün ötkəmlə kürsüyə tərəf addımlayan zaman zalı alqış sədaları bürüdü...
“Belə düşünürəm ki, hamı ayağa qalxıb bir anlıq sükutla Ağdam yaxınlığındakı münaqişə meydanında artıq həlak olmuş və həlak olmaqda davam edən əsgərlərimizin xatirəsini yad etməliyik”,- deyə səsinə xüsusi intonasiya verən Heydər Əliyev nitqinə bu sözlərlə başladı.
Zal və dəhlizdəkilər buna əmə etdilər və sonra yerlərində oturdular. Heydər Əliyev nitqini davam etdirdi:
“Mən burada Azərbaycan Prezidentinin qonağıyam. Və buraya Gəncə hadisələrinin səbəblərini araşdırmaq və bu cinayət hadisəsində günahkar tərəfləri müəyyənləşdirmək məqsədilə dəvət olunmuşam. Və mən burada, sizin qarşınızda söz verirəm ki, günahkarlar cəzalarına çatacaqlar – kimliklərindən asılı olmayaraq!..
Bu ağır və çıxılmaz vəziyyətdə, bizim doğma vətənimiz vətəndaş müharibəsinə sürükləndiyi bir zamanda etnik kimliyindən, dilindən, etiqadından asılı olmayaraq ümumi ölkəmiz naminə birlşərək üzləşdiyimiz fəlakətdən xilas olaq.
Bu zalda əyləşmiş bəzi insanlardan fərqli olaraq mənim sizdən heç bir gizli məqamım yoxdur. Mən xalqın quluyam və bu qədər qan tökülməsinə bais olmuş sizin bu uşaqsayağı siyasi oyunlarınızdan iyrənirəm...
Mən Surət Hüsrynova və 709-cu alaya, bütün Gəncə əhlinə müraciət edirəm, mənə qulaq asın. Qurtarın və son qoyun! Bakıya yürüşü dayandırın! Məni yenə də sizdən xahiş edirəm, mənə qulaq asın: Gəncə fəlakəti üçün cavabdeh olanların hamısı kimliklərindən asılı olmayaraq cəzalandırılacaqlar...”
Bunlar gözlənilirdi. Gözlənilməyən şey Əliyevin Əüblfəz Elçibəyi “ev sahibi” adlandırması idi. Heydər Əliyevin Mütəllibovun adamlarına ünvanlanmış sonrakı sərt iradı da gözlənilmirdi...
(Davamı var)
Qeyd : Materialda adları çəkilən, həyatda olan hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq.
Onu da bir daha xatırladaq ki, Tomas Qoltsun “Azərbaycan gündəliyi” kitabının təqdimatı 24 may 2016-cı il tarixdə Azərbaycan Diplomatik Akademiyasında həmin ali məktəbin və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla keçirilmişdir...
Təqdim etdi: Sultan Laçın