Araşdırma
11092
23 Jun 2020 | 19:39

"Sonra gələn Rəhim Qazıyev idi- Heydər Əliyevin qulağına nəsə pıçıldayırdı..."

Ötən il tanınmış Amerika araşdırmaçı jurnalistinin Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki qeyd və xatirələrindən ibarət "Azərbaycan gündəliyi" adlı kitabından bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına amerikalı həmkarımızın 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikir və təhlilləri oxucular üçün  maraqlı olar.



“...Bazar  günü, iyun ayının 13-də vətəndaş Heydər Əliyev parlamentin xüsusi sessiyasını çağırdı. Parlament tələbi yerinə yetirdi.  Nə isə baş vermişdi. Tezliklə zal həyəcandan və söz-söhbətdən qaynayırdı: İsa Qəmbər istefa vermişdi! Elektron səsvermə ekranları işıqlandırıldı və İsanın yerində oturmuş sədr müavini  Tamerlan Qarayev yetərsayın olub-olmadığını müəyyənləşdirmək üçün adbaad səsvermə təklif etdi. Bununla da hər şey təsdiqləndi. Sonra gecikmiş adamı içəri buraxmaq üçün qapılar taybatay açıldı – Heydər Əliyev içəri girdi...

Bu teatrsayağı məqam  xüsusi diqqət tələb edirdi və Heydər Əliyev özünə maksimum diqqət cəlb etmək məqsədilə gəlişini yubatmışdı və əmin idi ki,  bütün televiziya ilə canlı yayımlanır. O, etinasız bir görkəmlə zalda addımlayaraq kürsünün qarşısında əyləşmək istəyən an zalı gurultulu alqış sədaları bürüdü – deputatlar və müşahidəçilər ayağa qalxdılar. Heydər Əliyev evə qayıtmışdı!..

“Sakit! Sakit!” Tamerlan Qarayev mikrofonu döyəclədi.

“Nitq! Qoy rəhbərimiz danışsın!”- bir neçə yaltaq qışqırdı.

“Şükür Allaha ki, sən bizi xilas etmək üçün qayıtdın!” –bir başqası zarıdı. 

“Siz yaltaq tulalarsız, satqın eqoistlərsiz!” – Heydər Əliyev  yerindən  ildırım kimi çaxdı. 
Sakitlik bərpa olundu və Heydər Əliyev davam etdi: 

“Azərbaycan Prezidenti məndən xahiş etdi ki,  ölkəmizdə yaranmış məlum problemlərin mümkün həllini tapa bilmək üçün Bakıya gəlim. Bu bataqlığı siz yaratmısınız - bu zalda əyləşmiş siyasi diletantlar  və siyasi cırtdanlar! Lakin yenə burda bu yüksək parlamentdə əyləşərək mənə özünüzü qul kimi göstərib siyasi oyunlara girişməyə cəhd edirsiniz! Mən bunu qəbul etməyəcəm! İndi söz vaxtı deyil. Hərəkət etməyin vaxtı çoxdan çatıb...”  
 
“Başlanğıc üçün mən bu gün bir saatdan sonra Gəncəyə yola düşəcəm. Tək! Mən parlament sədrinin müavinindən xahiş edirəm ki, məni oraya müşayiət etmək istəyən bütün mətbuat nümayəndələrini nəqliyyat vasitələri ilə təmin etsinlər. Eyni zamanda mən qayıdana qədər parlamentin bu sessiyasını təxirə salmağınızı xahiş edirəm.  O vaxta qədər ki, mən Gəncə fəlakətini əsaslandırılmış surətdə və sağlam düşüncə ilə şərh edə bilim. Mənim demək istədiklərm bu qədər...”

Çox güman ki, Heydər Əliyevin qayıtmasına qədər sessiyanın təxirə salınması səsə qoyulmuşdu, amma bu məsələnin səsə qoyulmadığı da mümkündür. Əslində bunun fərqi yox idi: Heydər Əliyev hamıya çatdırdı ki, onsuz heç nə baş verə bilməz...

Bir saat sonra isə adətən parlament sədrinin işlətdiyi, indi isə Heydər Əliyevin istifadəsinə verilmiş boş qara “Mersedes” parlamentin girəcəyindəki maşın dayanacağında uğuldayırdı. Bayır qapılar açıldı və Heydər Əliyev çölə çıxdı. Ondan sonra gələn Rəhim Qazıyev idi, Heydər Əliyevin qulağına nəsə pıçıldayırdı...  Köməkçisi Heydər Əiyev üçün “Mersedes”in qapısını açdı. Sonra Rəhim Qazıyev özünü maşının arxa hissəsinə atdı. Bu, indicə Gəncəyə tək gedəcəyini bəyan etmiş adam üçün qəribə səfər kompanyonu idi. Lakin bunun əhəmiyyəti yoxdur... 

Mən maşının pəncərəsini döyəclədim və Heydər Əliyev onu  bir barmaq aşağı saldı.

“Nə istəyirsiniz?”- deyib narazılıqla soruşdu. 

“Heç,  sizə sodalı soyuq su təklif etmək istəyirdim”,- dedim. Yadımdan çıxmışdı ki, o yalnız çay içir. 

“Onu özün üçün saxla, yolda lazımın olacaq” -dedi. 

Sonra “Mersedes” Gəncə istiqamətinə surət aldı.. Daha sonra mətbuat işçiləri oturmuş avtobus peyda oldu.  Bu, göy tüstü buraxan sınıq-salxaq köhnə bir dəmır parçası idi. Mən də mindim. Amma bir neçə kilometr gedəndən sonra haqq hesab edib belə qənaətə gəldim ki, bu avtobus Gəncəyə çatanda Heydər Əliyev artıq Bakıda olacaq. Ona görə mən düşdüm.  Sonradan belə məlum oldu ki,  mənim yeganə ötürdüyüm şey uzun cansıxıcı yol və bir də Heydər Əliyevin üzündəki qəzəb ifadəsi olub – Surət onu Təhlükəsizlik Xidməti otağında 15 dəqiqə gözlədibmiş. Bu maraqlı təfərrüatı mənə Hicran(müəllifin həyat yoldaşı- S.L.)  verdi.  Heydər Əliyevin “Mersedes”i gələndə o, Türkiyənin televiziya işçiləri ilə təsadüfən Gəncədə imiş...

Bu, narahatlıq doğuran ilk həmlə idi və bunu aşağıdakı kimi xarakterizə etmək olardı; birincisi, çox adam qorxurdu ki,  Surət Heydər Əliyevin adamıdır. Eyni zamanda həmin adamlar daha çox qorxurdular ki, bu, belə deyil...

(Davamı var)


Qeyd : Materialda adları çəkilən hər bir şəxsi və ya bəhs edilən hadisələrin digər şahidlərini də dinləməyə hazırıq. 


Təqdim etdi: Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər