17 iyul Tibb işçilərinin peşə bayramı günüdür. Koronavirusun bütün bəşəriyyətin sağlamlığını təhdid etdiyi, pandemiyadan əziyyət çəkən milyonlarla insanın həyatının həkimlərdən, onların fədakarlığından asılı olduğu bir zamanda, cəmiyyətin bu özəl günə xüsusi ehtiram və həssaslıqla yanaşdığı göz önündədir.
Gecikən qavrayış və sonradan kəşf olunan müqəddəslik
Etiraf etmək lazımdır ki,
tibb işçilərinin peşə bayramına marağın artması, bu günün xüsusi əlahiddəlik
qazanması məhz pandemiya təhlükəsi, bu təhlükənin hər kəsi eyni amansızlıqla təhdid
etməsi ilə əlaqədardır. Mövcud situasiya həkim peşəsinə, həkim əməyinə və bu əməyin
müqəddəsliyinə yeni baxış formalaşdırıb, tibb işçilərinin nüfuzunun əhəmiyyətli
dərəcədə yüksəlməsinə səbəb olub. Bu gün istər peşəkar, istərsə də sosial
mediada, eləcə də xalq arasında həkimlər sözün həqiqi mənasında əsl qəhrəmanlar
kimi xarakterizə olunur ki, bu yanaşma tamamilə doğrudur. Lakin bu nöqtədə təəssüf
doğuran yeganə nüans həkimlərin qəhrəman obrazının yalnız indi – onların qlobal
təhlükə ilə çarpışdığı, öz həyatlarını digər insanların yaşamı uğrunda fəda
etdiyi hazırkı kritik məqamda dərk olunması ilə bağlıdır.
Şübhəsiz, həkimlər hər
zaman qəhrəman, həkim peşəsi isə hər zaman müqəddəs olub. Sadəcə, biz bunu gec
dərk etmişik. Biz bu sadə və aydın həqiqəti toplum olaraq yalnız o zaman fərq
etmişik ki, pandemiya təhlükəsi kütləvi şəkildə qapımızı döyməkdədir və bu
qorxunc səs hər gün biraz daha yaxından eşidilir.
Fəqət onu da qeyd etməliyik
ki, bu, xeyli gecikən qavrayış olsa da, təqdirəlayiqdir və yalnız alqışlana bilər.
“Onların təbəssümü sarğılarından daha önəmlidir”
Sevindiricidir ki,
pandemiya dönəminin həyəcanlı ab-havasında həkimlərimiz sadəcə bilik və bacarıqları
ilə deyil, eyni zamanda ali insani keyfiyyətləri – təmənnasızlıqları, fədakarlıqları,
mətinlikləri ilə də diqqət çəkdi. Əslində onları cəmiyyətə sevdirən, yenidən kəşf
etdirən daha çox bu xüsusiyyətləri oldu.
Aylar uzunu gecə-gündüz
demədən çalışan, koronaviruslu xəstələri yenidən həyata qazandırmaq üçün sözün
həqiqi mənasında ölümlə çarpışan həkimlərimiz, hər bir çağırışa həssaslıqla,
sevgi və duyarlılıqla cavab verdi. Həkimlərin üzündəki təbəssüm, qayğı və şəvqət
xəstəliyə yaxalanan insanlar müalicəsi baxımından ən az dərmanlar qədər faydalı
oldu.
Həkimlərimizin zəngin mənəvi
dünyasından süzülüb gələn bu xüsusiyyət dünya şöhrətli yazıçısı Mariya Mayerovanın
həkimlərə xitabən dediyi düşündürücü bir ifadəni bir kəs daha yada salmış oldu: “Unutmayın ki,
bəşəriyyət üçün sizin təbəssümünüz sarğınızdan daha irəlidədir”.
Onlar bütün cəbhələrdə savaşır, sadəcə sağlamlıq
deyil, həm də ümid və inam bəxş edirlər...
Pandemiyanın davam etdiyi
bu günlərdə həkimlərimiz sadəcə xəstəliklə deyil, həm də aclıq və səfalət,
ümidsizlik və çarəsizliklə savaşdıqlarını ortaya qoydu. İnsanları
koronavirusdan qorumaq üçün media və sosial şəbəkələrdə geniş təbliğat işi
aparan həkimlər, həm də sosial baxımdan aztəminatlı ailələrə ərzaq yardımı göstərmək,
onlarda həyata qarşı ümid və inam aşılamaqla böyük insanlıq nümunəsi ortaya
qoydular.
Həkimlərimizin bütün cəbhələrdə
hansı əzmkarlıqla mübarizə apardığını aydın təsəvvür etmək üçün tibb üzrə fəlsəfə
doktoru Yazgül Abdıyevanın rəhbəri
olduğu “Sağlamlığın Qorunması” İctimai Birliyinin fəaliyyətinə nəzər salmaq
kifayətdir. Dövlətimizin koronavirusa qarşı mübarizə çağırışına çevik şəkildə
cavab verən “Sağlamlığın Qorunması” İctimai Birliyi 100-dən çox aztəminatlı ailəyə
ərzaq yardımı göstərmiş, əyalətlərdə yaşayan insanlarımız qoruyucu vasitələr –
tibbi maska, əlcə, dezinfeksiya məhsulları və s. ilə təmin etmişdir. Bu
yardımlar insanların sosial ehtiyaclarını qarşılamaqla yanaşı, onlara sabahla
bağlı inam bəxş etmiş, bu insnaların gələcəyə daha ümidli şəkildə köklənməsinə
yardımçı olmuşdur.
Başqa sözlə desək, həkimlərimiz
insanlarımızın bədəni ilə yanaşı, həm də ruhlarının sağlamlığının qayğısına
qalmış, onlara fiziki sağlamlıqla yanaşı, həm də ruhi güc- inam qazandırmışdır.
Hansı ki, bunun özü də bir xilasetmə əməliyyatı, bir nicat vasitəsi sayıla bilər.
Böyük şairimiz Cabir Novruzun “İnam himni” şeirində dediyi kimi:
“İnam dostum, inam anam,
inam atam,
İnamını itirəndə ölür
adam!”
Bütün bunlar bir daha
göstərir ki, həkimlər bizim milli sərvətimizdir və biz bu canlı, mübariz sərvəti
qorumaq, onlara öz sevgi və minnətdarlığımızı bildirmək üçün ən kiçik fürsətdən
belə yararlanmağa səy göstərməliyik. Bizi qoruyanları qorumaq hər şeydən öncə
vicdan və şərəf borcudur və biz bu borca hər zaman sadiqlik göstərməliyik.
Seymur ƏLİYEV
E-mail: [email protected]