7213
13 Jun 2020 | 13:55

"Vəfa Quluzadə dedi ki, qoy Surət gəlsin- vətəndaş müharibələri cəmiyyətləri saflaşdırır..."

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir...
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar.

"Bu, inanılmaz idi: 30 nəfər (yaxud  lap 100 nəfər)  7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdə  və istədiklərinə nail olmaqda idi..."



“...Surət Hüseynov Bakıya doğru irəliləməkdə idi... 709-cu alaydan balaca bir dəstə(deyilənə görə, 30 nəfərdən ibarət, amma hər halda ondan daha çox) başçıları ilə onu görməyə gələn müxtəlif elçilər arasında nə şifahi danışıqlar oldusa da,  təslim olmadılar və Bakıya doğru irəliləməkdə davam etdilər... 

Onları heç kim dayandırmadı. Ordu qan tökməmək barədə ciddi əmr aldığına görə geri çəkildi. Surətin adamları Yevlağı “tutdular”... Sonra onlar Bərdəni “tutdular”...  Ölkənin haradasa 15 faizini nəzarətə götürərək daha sonra səmtlərini uzun səhraya bənzər yolla paytaxta doğru dəyişdilər. Bir gün onlar paytaxtdan  200 mil, ertəsi gün isə 150 mil aralı idilər. Sonra onları paytaxtdan 100 mil ayırdı və daha sonra 50 mil yaxınlıqda idilər. Və hökumət istefa verənə və hökumət 709-cu alayı özünə tabe etmək cəhdinə görə xainlikdə ittiham edilərək  məhkəmə qarşısında durana qədər onların dayanmaq fikri yox idi...

Elçibəy isə heç bir şey etmədi. Vəfa Quluzadənin dediyinə görə, çox güman ki, o, şok vəziyyətində idi. Bir qism isə düşünürdü ki, o ya sərxoşdur, ya da kim bilir...

Sonra bir gün – səhv etmirəmsə, iyunun ya 9-u idi, ya da 10-u, amma 11-i, 12-i də ola bilərdi - Prezident Elçibəy xarici diplomatları yığdı ki, vəziyyəti izah etsin. 

“Hökumət silahlı qiyamla üzləşmişdir”,-  o  dedi.  
Guya ki, buna izah lazım idi...
“Buna cavab olaraq - Elçibəy dedi,- hökumət bunun qarşısını almağa cəhd göstərdi, çünki hər bir suveren dövlətin özünü müdafiə hüququ var...” 

Bu, Neandartalın ilk mağara dövlətindən bəri hökumətlər tərəfindən məmnuniyyətlə istifadə olunan  “güc vasitələrinin üzərində monopoliya”ya aid köhnə aforizmin versiyası idi.  Elçibəyə isə elə gəlirdi ki, o nə isə yeni bir şey deyir...
 
Sual-cavab zamanı Almaniyanın səfiri telefonun vəziyyətindən şikayətləndi və xahiş etdi ki, Prezident bu məsələ ilə maraqlansın...

“Axır ki, mövqe aydınlaşdırılıb, nəhayət! Hökumət özünü müdafiə etməyə qərar verib”, -   Vəfa Quluzadə vəcdə gəldi - “Nəhayət!,”- deyə o, sevincindən qışqırdı.
“Qoy  onlar(Surət Hüseynovun tərəfdarları nəzərdə tutulur-S.L.) gəlsin! Vətəndaş müharibələri cəmiyyətləri saflaşdırır və bizim cəmiyyətimizin də buna daha çox ehtiyacı var! Biz cinayətkarlıq çirkabında boğulmağımıza özümüz yol vermişik! Bəsdir! Mən özüm silahlanıb, ora getməyə hazıram!..”

Surətin “ipə-sapa batmayan” batalyonu  (və ya dostları, yaxud dəstəsi) irəliləməkdə davam edirdi; və onlar Qazıməmməd(indiki Hacıqabul –S.L.) adlı Allahın unutduğu yerə çatanda hökumət hücuma keçdi. Nəhayət! Lakin hücuma keçmiş dəstə ilə məsələni həll etmək üçün  göndərilmiş üç vertolyotdan biri də geri qayıtmadı. Onların hamısı Surətin tərəfinə keçmişdi. Bu, inanılmaz idi: 30 nəfər (yaxud  lap 100 nəfər)  7 milyon əhalini təmsil edən rejimi devirməkdən ötrü çılpaq çölün düzü ilə irəliləməkdə  və istədiklərinə nail olmaqda idi. Qarabağ ermənilərinin( və onların silahlı dəstələrinin) həm Mütəllibov,  həm də Elçibəy hökumətlərinə qarşı nə üçün belə geniş miqyasda uğur qazanmalarına artıq təəccüblənməmək olardı...

Hökuməti xilas etmək üçün heç kim vuruşmaq istəmirdi...

Qeyd: 

Gəncə hadisələrinə dair rəsmi hesabatın ərsəyə çıxması üçün bir il vaxt lazım oldu. Nəhayət, 1994-cü ilin aprelində hesabat hazır olanda təhqiqat komissiyasının sədri ( Yəqin ki, söhbət  9 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri
İsa Qəmbərin imzaladığı Milli Məclisin qərarı ilə yaradılmış Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının sədri,  Milli Məclisin üzvü, deputat, Baş prokurorun keçmiş müavini Mətləb Mütəllimovdan gedir- S.L) ona qol çəkməməyi üstün tutdu. Əslində həmin hesabat  Surət Hüseynovu və 709-cu alayı qanuni hökumətə tabe olmadığına görə təmizə çıxarmışdı, hökuməti isə Surəti özünə tabe  etmək cəhdinə görə təqsirli hesab etmişdi. Və beləliklə də, istənilən qəzəblənmiş ordu komandirinə mövcud olan hökumətə qarşı qiyam qaldırmağa və onu zor gücünə devirməyə birdəfəlik qanuni hüquq vermişdi... 

Lakin həmin o qara günlərdə, yəni iyun ayının 4-ü və 5-də həlak olanların sayına gəldikdə, rəsmi təhqiqat qrupu  əsas faktı gizlədə bilməmişdi: ölənlərin sayı 20-dən çox olmamışdı və demək olar ki, onların hamısı – Prezidentin mühafizə dəstəsinin başçısı da daxil olmaqla – hökumət ordusundan idi. İyunun  5-də gərginliyi azaltmaq məqsədi ilə Gəncəni  tərk etməyə cəhd  göstərərkən onun əyləşdiyi avtobus pusquya salınaraq gülləbaran edilmişdi...

Bəs Gəncənin Şəhidlər Xiyabanında  bizim şahidi olduğumuz dəfn mərasimi nə idi? Komandir  Mehman Ələkbərovdan başqa orada bir neçə həftə əvvəl həlak olmuş bir neçə əsgərin cənazəsi basdırılırdı, onların meyitləri lazım olan vaxtda “ölmək” üçün buzda saxlanılırmış... 
HEYDƏR ƏLİYEV GƏLİR...

(Davamı var)

Təqdim etdi:  Sultan Laçın
 

Link kopyalandı!
Son xəbərlər