5001
11 Jun 2020 | 23:55

"Xalq olaraq addım-addım yaxınlaşan dəhşətli təhlükə haqqında düşünməmiz lazımdır"

Bir neçə gün öncə CWURun dərc etdiyi dünya universitetlərinin reytinqi barəsində yazmışdım. Bu gün məşhur QS şirkəti də tərtib etdiyi dünya universitetləri reytinqini yayınlamışdır. Təqribən situasiya bütün reytinq qurumları üzrə oxşardır. Bizim ölkəmiz üçün də tendensiya bütövlükdə eynidir. Yəni, QS də tərtib etdiyi dünyanın top 1000 universitetləri siyahasına (reytinq cədvəlinə) ölkəmizdən heç bir universitet qəbul edilməmişdir. Amma bu siyahada qonşu Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazagıstanın, həmçinin Baltikyanı ölkələrin bir çox universitetləri düşmüşdür. Dünya miqyasında universitetlərin reyting qurumları çoxdur, amma bir ümumiləşdirici veb qurum da vardır ki, ən ümumi göstəricini çıxarır (//www.webometrics.info/en/Europe/Azerbaijan). Bu vebqurumun müəyyən etdiyi reytinqə görə dünyanın 30 min universiteti içərisində Azərbaycanın ilk tutduğu yer 3480-ci yer Bakı dövlət Universitetidir-Azərbaycan üzrə birinci yer, ikinci yer ADA – 5584-cü yer və üçüncü yer UNEC-ə -6239-cü yer – məxsusdur.Cənubi Azərbaycanın bir neçə universiteti ilk 3000-ci qrupa düşə bilmişdir (Təbriz Universiteti-1277, Təbriz tibb elmləri Universiteti, Zəncan Universiteti, Urmiyyə, Sahand, Qəzvin universitetləri və s). Ən qeyri-normalı isə odur ki, getdikcə tərəqqi yoxdur, əksinə, universitetlər bütövlükdə əvvəlki mövqelərini itirirlər (baxmayaraq ki, bəzi müsbət dinamika var, amma yarışmada başqa ölkələrlə müqayisədə daha yavaşdı).
Universitetlərin reytinqinin qalxması o ölkənin inkişafından, gələcəyindən, tərəqqisindən xəbər verir, belə yüksəliş yoxdursa, deməli, təhlükənin günü-gündən yaxınlaşması haqqında siqnalların gəlməsini göstərir. Universitetlərin reytinqinin belə çox aşağı səviyyədə olması müasir şəraitdə daha ağır "pandemiyadır". Xalq olaraq bu addım-addım yaxınlaşan daha dəhşətli təhlükə haqqında düşünməmiz lazımdır. Hökümət, heç olmasa bu universitetlərdən birini nümunə kimi, dünya universiteti səviyyəsinə (World class University) qaldırması haqqında düşünməli, proqram işləməli, maliyyə ayırmalı və gələcəkdə digər universitetləri də həmin inkişaf tempinə uyğunlaşdırmalıdır.
Dünyada Azərbaycanlılardan başqa hər kəs qəti anlamışdır ki, təhsildən-elmdən kənar inkişaf, tərəqqi, müstəqillik və rifah yoxdur.

Dərin hörmətlə, Saleh Məmmədov, 
keçmiş maliyyə naziri, iqtisadçı professor
Link kopyalandı!
Son xəbərlər