18998
11 Jun 2020 | 19:21

"İndi vəzifəmiz milləti talayan Bakıdakı qanunsuz hökuməti kökündən məhv etməkdir”

 Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir... 
Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... 

Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar. 

"“Turan” informasiya agentliyi hökuməti doğrultmaq məqsədilə Gəncədə “kommunist” qiyamının baş verdiyi barədə məlumat yaydı..."  

"...Mətbuat konfransında nəfis görünən, utancaq və danışmağı xoşlamayan, acınacaqlı dərəcədə  saxta patriot – mənim Gəncədə gördüyüm Surət Hüseynovun tam əksi idi. Bu,  ertəsi gün baş vermişdi, biz 709-cu  kazarmanın girişində  var-gəl edirdik ki, Surətin heyət komandirlərindən biri, polkovnik Eldar Əliyev özünü bayıra atdı və fit çaldı. Həmin andaca ətrafda veyillənən silahlıların hamısı qaçaraq  meydançaya toplaşdılar, komanda və hissələr üzrə cərgə-cərgə düzləndilər...

Düzünü desəm, onlar tamamilə ala-bəzək dəstə idilər. Surət Hüseynovun mühafizə komandasının başçısı rezin hamam şəpitində idi. Saçlarını at quyruğu kimi yığmış başqa birisi özünü göstərirdi...

“Diqqət!” - polkovnik Əliyev rus dilində qışqırdı. 

300-ə yaxın adam məhz elə onun dediyini etmək istədilər, amma indi onlar əvvəlkindən də çox nizamsız görünürdülər. Heç cür inanılası deyildi ki, bunlar Azərbaycan Respublikasının milli ordusunu məğlubiyyətə uğratmış həmin adamlardırlar...

“Silahı hazırla!”

“Şaq-şaraq, çax-çax” və sair və ilaxır...

“Komandir, alaylar əmrinizə hazırdır!”

Silahlılar başlarını sağ tərəfə döndərdilər. Kazarmalar tərəfdən  bir dəstə adam peyda oldu. Aydın görünürdü ki,  onlar öz aralarında kimi isə mühafizə edirlər...
Onun kimliyinə heç şübhə yox idi. Kostyum həmin kostyum idi, saç düzümü də həminki idi. Mənə elə gəlirdi ki, o, təzə köynək geyinmişdi, ayaqqabıları da təzə parıltı ilə parıldayırdı.  Sağ əlini üstü gümüş  və fil sümüyü ilə örtülmüş  revolverə basıb sol əlini cənub istiqamətində irəli uzadaraq Surət nitq söyləməyə başladı:

“709-cu alayın əsgərləri, siz bizim ilk qələbəmizi əldə etdiniz!”- o, bağırdı- İndi isə  vəzifəmiz milləti talayan və qardaş qanı tökərək şərəfimizi ayaqlar altına atmış Bakıdakı cinayətkar ünsürləri, qanunsuz hökuməti kökündən məhv etməkdir...” 

“Əla həzrət!- hamı bir nəfər kimi bağırdı,- Əmr et!” 

Gənc fateh məhz elə onu etmək niyyətində idi. 

“Bakıya doğru irəli, qələbəyə doğru irəli!” –qışqırdı... 
Biz ora birinci çatdıq, amma güclə. Bakıya geri döndükdə bütün yolboyu bizi yollarda qurulmuş maneələrdə saxlayırdılar, çoxu da təhlükəsizliyə görə yox, bizim məlumat daşıyıcıları olmağımıza görə idi. Heç kim bilmirdi ki,  Gəncədə nə baş verir. Lakin hamı bunu öyrənmək istəyirdi. Görünür, dövlət televiziyası hadisələrə dair sükutunu pozmuşdu və 709-cu alayın silah anbarından  ağır silahları ələ keçirməyə cəhd göstərmiş “naməlum təhrikçilərə” dair məlumat yaymışdı. Bundan əlavə, Bakıda tam informasiya blokadası mövcud idi...

Rusiya televiziyası bu arada yaydığı məlumatlarda  vicdansızcasına və məqsədyönlü olaraq hadisələrdə Surətin tərəfini saxlayırdı.  Bu, adamın ürəyini parçalayırdı: azəri(T.Qolts xalqımızı belə adlandırır-S.L.) millətini Moskvann döşündən ayırmaq  yolunda bu qədər qan-tərdən sonra səndələyən Elçibəy hökuməti sözün əsil mənasında ölkə vətəndaşlarını ölkədə baş verən ən əhəmiyyətli hadisə barədə  əsas məlumatı – özü də təhrif olunmuş formada kənardan almağa məcbur edirdi. Ondan qabaqkı Mütəllibov hökuməti kimi, Elçibəy rejimi də özünüinkar və dezinformasiya kursu ilə aşağı, süqutuna doğru yuvarlanmaqda idi. Hökumətin yalan dediyini  millətin öyrənməsi üçün yalnız zaman tələb olunurdu; bunu başa düşmək üçün  dahi olmaq lazım deyildi - bəlkə də hamı artıq bu qənaətə gəlmişdi...

Bir az keçəndən sonra adətən Elçibəyyönlü məlumatlar yayan “Turan” informasiya agentliyi hökuməti doğrultmaq məqsədilə Gəncədə “kommunist” qiyamının baş verdiyi barədə məlumat yaydı.  “Qiyamçılar  Surətin qərargahı üzərində keçmiş SSRİ-nin “oraq-çəkici”ni ucaltmışlar”- agentlik belə xəbər verirdi...

Çox güman ki, bu,  bütünlükdə əhalidə Sovet kabusu vahiməsi yaratmaq üçün düşünülmüşdü. Lakin bu quramaya inanan yeganə insanlar Moskvada oturmuş xarici jurnalstlər oldu; “Reyters” “Turan”ın əhavalatını göydə tutdu, “Faynenşl Tayms” “Reyters”dən – “Bi-Bi-Si” isə “Faynenşl Tayms”dan... Və “Gəncə üzərində qırmızı bayraq yellənir” mifi ayaq açıb yeridi.  Surətin baş qərargahının ətrafında ora-bura var-gəl edən  bizim kimilər qərara gəldik ki, “Turan”ın müxbiri kazarmalara  girən yerdə Leninin portreti çəkilmiş və  artıq dağılmaqda olan mozaikalı  divarı səhvən kommunistlərə rəğbət əks etdirməsi kimi qəbul etmişdir - əlbəttə, əgər həmin müxbir, ümumiyyətlə, Gəncədə olmuşdusa...
Bu, boş və mənasız bir cəhd idi. Əsas məsələ bir yana qalsın, hadisə barədə bir məlumat yaymaqda  bu dərəcədə gecikən Əbülfəz Elçibəy hökuməti  ictimaiyyətin ona olan azacıq etibarını da itirmiş oldu. Prezident Aparatından çıxan heç bir məlumata bir daha kimsə inanmayacaqdı... Prezidentin mətbuat katibi Arif Əliyev  Gəncə hadisələrinə  dair hökumətin irəli sürdüyü  versiyaya  həsr olunmuş  mətbuat konfransı keçirəndə bu, nəzərə çarpırdı... Əldən və ruhdan düşmüş və hirsli görünən  Arif Əliyev  iyunun 4-də baş vermiş hadisəni  təfsilatı ilə danışdı...”

(Davamı var)

Təqdim etdi:  Sultan Laçın
 

Link kopyalandı!
Son xəbərlər