Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri davam edir. Lakin dövlətin gördüyü bütün tədbirlərə rəğmən, pandemiyanın nə vaxta qədər davam edəcəyi, bu mübarizənin nə zaman başa çatacağı bəlli deyil.
Maraqlıdır, pandemiya ilə mübarizə uzanarsa, proses bundan sonra daha bir neçə ay davam edərsə, bu, aztəminatlı ailələrin, işsiz şəxslərin sosial durumunun yenidən ağırlaşmasına səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bu ehtimalı istisna etdiyini vurğuladı:
“Dövlət sosial təcrid tədbirlərinin tətbiq edildiyi müddətdə - aprel və may aylarında həm işləməyən vətəndaşlarımız, həm də muzdlu işçilər və sahibkarlar üçün dəstək nümayiş etdirdi. Muzdlu işçilər üçün büdcədən 210 milyona manat vəsait, sahibkarlar üçün isə 80 milyon manat maliyyələşmə həyat keçirildi. Işləməyən vətəndaşlarımıza iki ay rəzində 190 manat birdəfəlik yardım həyata keçirildi ki, bu da 600 min vətəndaşımızı əhatə etdi.
Bu müddətdə biz həm də dövlət tərəfindən maliyyələşən sosial proqramlara ayrılan vəsaitlərin həcmində də artımlar müşahidə etdik. Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq proqramına ayrılan vəsaitlərin həcmində artımlar oldu. Ölkə başçısının göstərişi ilə ödənişli ictimai iş yerlərinin sayı 2020-ci ildə 50 min artırılaraq 40 mindən 90 minə çatdırıldı. Məqsəd də ondan ibarət idi ki, işləməyən vətəndaşlarımızın işlə təmin olunmasına dövlət tərəfindən dəstək verilsin. Yəni aprel-may aylarında sahibkarların, azrəminatlı ailələrin dəstəklənməsi prioritet idi və prioritet olaraq da qalır.
Artıq pandemiyanın yeni mərhələsində sahibkarlar üçün vergi güzəştlərinin edilməsi təsdiq olundu. Güzəştli kredit portfelinin həcmində artımlar təsdiqləndi. Söhbət 500 milyon manatlıq güzəştli kredit portrfelinin təsdiq olunmasından gedir. Bunun da 60%-nə dövlət tərəfindən zəmanət həyata keçirilir. Eyni zamanda, bir milyon manata yaxın kredit portfelində dövlət tərəfindən 10%-lik subsidiya tətbiq olunacaq ki, bu da həmin kreditlər üzrə faizlərin azaldılması anlamına gəlir.
Pandemiya davam edəcəyi təqdirdə belə, vətəndaşların sosial vəziyyətinin pisləşməsi gözlənilmir. Çünki dövlət tərəfindən fərqli dəstək mexanimzləri mövcuddur və bu dəstək davam etdirilir. Işləməyən vətəndaşlarımız üçün də həm dövlət büdcəsi hesabına yeni iş yerlərinin yaradılması, eyni zamanda sahibkarların daha çox dəstəklənməsi nəticəsində özəl sektorda da yeni iş yerlərinin yaradılması prioritetdir.
Pandemiyanın növbəti mərhələsində məqsəd həm özəl sektorun vergi güzəştləri və güzəştli kreditlər vasitəsi ilə daha yaxından dəstəklənməsi, həm də dövlət büdcəsi hesabına iş yerlərinin genişləndirilməsindən ibarətdir.
5 ayın yekunlarında dövlət büdcəsinə nəzərdə tutulandan daha çox vəsait cəlb etmək mümkün olub. Baxmayaraq ki, ümumi iqtisadiyyatda azalma tempi müşahidə edilib. Lakin qeyri-neft sektorundakı artım tempinin qorunması, büdcə gəlirləri ilə bağlı proqnoza əməl etməyə imkan yaradır. Bu isə büdcədən maliyyələşən layihələrin təxirə salınmayacağı anlamına gəlir. Bu baxımdan, Azərbaycanın maliyyə potensialı və həyata keçirilən siyasət praktiki baxımdan imkan verir ki, növbəti mərhələdə də həm vətəndaşların, həm də sahibakrların dəstəklənməsi siyasəti həyata keçirilsin.
Seymur ƏLİYEV