\
5764
09 Jun 2020 | 20:13

\"Nazirlərdən alınmış sənədlərdə \"Tayfun\" əməliyyatının tükürpərdici təfərrüatları aşkar edilmişdi...\"

Bu günlərdə köhnə 25-30 illik kitab-qəzet arxivimi  arayarkən gözümə  yenə də 2009-cu ildə bir dostumuz vasitəsilə əldə etdiyim bir kitabın  siqnal nüsxəsi sataşdı.  Tanınmış Amerika araşdırmaçı jurnalisti Tomas Qoltsun “Azərbaycan xronikası” adlı sənədli əsərinin Azərbaycanca nəşri... Həmin kitabın təqdimatı  2016-cı ildə ADA-da “Azərbaycan gündəliyi: Dəliqanlı jurnalistin müharibənin dağıntılarını yaşamış neftlə zəngin postsovet ölkəsindəki sərgüzəştləri” adı altında  keçirilib.  1991-ci ildə müstəqil Azərbaycanda ilk əcnəbi jurnalist kimi qeydiyyatdan keçərək XİN informasiya şöbəsinin direktoru Fəxrəddin Qurbanov(hazırda Xorvatiyada səfir) tərəfindən  0000001 saylı ilk mətbuat kartı verilmiş Tomas Qoltsdan söhbət gedir. Bu ABŞ  jurnalisti 1991-ci ilin yayından bəri Azərbaycanda yalnız Bakıdakı və Qarabağdakı, hətta Naxçıvandakı bir sıra önəmli olay və proseslərin şahidi olaraq media mənsubu kimi fəaliyyət  göstərməyib. T.Qolts, həmçinin, bilavasitə ictimai-siyasi aktlara müdaxilə edərək Rusiyadan ayrılan(!) müstəqil dövlətçiliyimizin  formalaşmasına da öz töhfələrini(!) verib. Bunu o, özü kitabında da etiraf edir... 

Ötən il tanınmış Amerika araşdırmaçısının Azərbaycanın yaxın tarixində baş vermiş olaylar barədəki xatirələrindən bəzi parçaları vermişdik... Bu dəfə Moderator.az oxucularına Tomas Qoltsun 4 iyun Gəncə hadisələrindən sonrakı təxminən bir ay ərzində Azərbaycanda şahidi olduğu olay və proseslər barədəki  gündəlik qeydlərindən ən maraqlı epizodları nəzərinizə çatdırmağa çalışacağıq... Yəqin ki,  Azərbaycan daxilində heç bir siyasi qüvvəyə birbaşa bağlılığı olmayan əcnəbi jurnalistin  Azərbaycan xalqının və dövlətinin taleyində həlledici rol oynamış həmin olaylar barədəki tərəfsiz olmalı olan fikirləri oxucular üçün  maraqlı olar. 

“..Keşmişə nəzər hadisələrin ideal görünüşünü verə bilər. Lakin bu, tez-tez kiminsə müəyyən məsələlərdən baş çıxarmadığını da aşkar edir.  Bu, mənim də başıma gəldi.. Yəni 1993-cü il iyunun  5-də Gəncədəki dostum zəng edib dedi ki,   Gəncədə mühüm hadisə baş verib: “Hökumət Surət Hüseynova qarşı ordu göndərib. İstəyiblər ki, ipə-sapa yatmayan alayı tərksilah etsinlər və vahid komandanlığı bərpa etsinlər. Lakin bu səy vətəndaş təhlükəsi yaratmış dəhşətli qırğınla nəticələnib”- dedi... 

Xəbər həddindən artıq inanılmaz idi...
“Daha nə bilirsən?”
“Daha heç nə - yalnız onu bilirəm ki, bu, çox ciddidir, sən elə bu saat Gəncəyə getməlisən...”
.
...Beləliklə, biz taksi tutduq və Gəncəyə aparan cansıxıcı yolun yolçusu  olduq...  

Yevlaxda dayandıq... “Üsyançılar”ın hava limanını mühasirəyə alması xəbərinin nə dərəcədə düzgün olduğunu  yoxlamaq istədik... Bizi çaşqın nəzərlərlə qarşıladılar.  Nəinki haqqında danışılan vətəndaş müharibəsindən, hətta  vətəndaş itaətsizliyindən belə, əsər-əlamət yox idi...

Mən özümü axmaq yerinə  qoyulmuş kimi hiss etməyə başladım. 

Biz əsas magistral yolun Naftalan(müəllif səhvən “Neftçala” yazıb-S.L.) və Goranboya döndüyü yerdə ilk maneə ilə üzləşdik. 

“Siz hökumət tərəfindəsiniz?”- biz qarovulda dayananlardan soruşduq. 

“Daha kimin tərəfində ola bilərik ki?”sualımıza çox məntiqi sualla cavab verdilər...

Növbəti maneə o qədər də uzaqda olmadı... Orda məni cəbhədən tanıyanlar oldu və gülümsəyərək əl edə-edə bizi irəli buraxdılar. Sonra 3-cü, 4-cü, onun ardınca isə 5-ci maneə gəldi. Və hər dəfə də getdikcə gərginliyin artdığı hiss olunurdu...

“Gəncədə nə baş verir?” – deyə biz hər dəfə soruşurduq. Lakin cavabında  nə isə yanlış, ağlasığmaz cəfəngiyyatdan başqa  konkret olaraq  müəyyən bir şey demirdilər. Lakin nə isə  baş vermişdi, buna artıq şübhə yox idi. Və Gəncəyə yaxınlaşdıqca Kalaşnikov avtomatlarını maşının pəncərəsindən içəri tuşlayıb şəxsiyyət vəsiqəsi tələb edənləri necə salamlayacağımızı bilmirdik. Sonra, günbatana yaxın Gəncənin 10 kilometrliyində tankın lüləsini  bizə tərəf tuşlayaraq işarə etdilər ki,  maşını saxlayaq...

“Siz kimsiniz?!”- qarovulda dayananlardan biri soruşdu. 

“Müxbirlər...”- qorxuya düşmüş taksi şoferi bizim əvəzimizdən cavab verdi.

“Şükür Allaha, nəhayət ki, həqiqəti söyləyənlər burdadır!..”-  bunu deyib silahlı özünü maşının arxa hissəsinə Hicranla Elmiranın( Hicran -  müəllif Tomas Qoltsun həyat yoldaşı, Elmira isə jurnalist, “Azadlıq” radiosunun o vaxtkı müxbiri Elmira Əmrahqızı   olub-S.L.) yanına atdı...

“Alçaqlar, xainlər...”-deyə yanımıza oturan silahlı başladı və biz daha 3 yoxlama məntəqəsini keçənədək və nəhayət, Gəncənin kənarında, əvvəllər 104-cü rus hava desantı diviziyasının olmuş, indi isə Surət Hüseynovun 709-cu alayı yerləşən kazarmalara çatanadək hadisələri şişirdə-şişirdə çığırdı...

Biz artıq cızığı keçmişdik və bu qədər tez baş verdi ki, ilk anda artıq bizim qiyamçılar tərəfdə olmağımızı dərk etmək elə də asan olmadı. 

Qiyamçılar?.. 

“Nə baş verib?” – deyə biz Surətin mətbuat katibindən  -yerli tarix müəllimi Aypara Əliyevdən soruşduq. 
  
Aypara bizə aşağıdakıları danışdı:
 “İyunun 4-də hökumətin ...(etika xatirinə müəllifin burada yazdığı sözləri vermirik-S.L.) Əbülfəz Elçibəyə sadiq qüvvələri  Azərbaycanın Qəhrəmanı, Qarabağın generalismusu Surət Hüseynovun kazarmalarına və onun 709-cu qəhrəman alayındakı adamlarına qorxaqcasına qəfidən hücum etmişlər. Lakin 709-cu alayın qəhrəmanları öz qanları ilə rəhbərlərini müdafiə etmiş və hökumət ordusunu geri çəkilməyə məcbur etmişlər. Gəncə şəhəri indi azad edilmişdir – lakin 70 nəfərin qanı bahasına. Şəhid olanlar arasında hökumət qüvvələri tərəfindən yaylım atəşinə tutulmuş  qadınlar və uşaqlar da daxil olmaqla  çoxlu mülki insanlar var.  Xəstəxanalar  və meyitxanalar  doludur.  Və bu gecə nələr olacağı  barədə  heç nə deyilmirdi.  Surətin adamlarının  iki dəfə hücum edənlərlə  qəhrəmancasına vuruşmasına baxmayaraq  belə bir qorxu vardı ki, hökumət onlara qarşı genişmiqyaslı hücum təşkil edəcək...  

Bakıdakı xainləri  öz işlərini başa çatdırmaqdan  yalnız onların ilk uğursuzluqları  və bir də Surətin adamlarının  3 nazir də daxil olmaqla  1000-dən çox əsir götürməkləri faktı saxlayırdı.  Qardaş qırğınında özlərinin şəxsi rolları haqqında yazılı etiraf  etmələrinə əlavə olaraq  nazirlərdən alınmış sənədlərdə əməliyyatın tükürpərdici  təfərrüatları aşkar edilmişdi. Əməliyyata  verilmiş ad da tükürpədici idi: “Tayfun”.  Buna Prezidentn özü tərəfindən əmr verilmişdi... 

Dustaqlardan biri, ədliyyə nazirinin (əslində Baş prokurorun müavini) müavini İxtiyar Şirinov  belə bir alçaq işdə iştirak etdiyinə və  eləcə də əmrlərə tabe olmadığına  və vəzifə borcunu  yerinə yetirməməyi ilə bağlı   Surət Hüseynova qarşı cinayət işi qaldırdığına görə vicdan əzabı çəkirdi – onun əlində bununla bağlı qaralama sənəd varmış. Aypara həmin sənədin surətini cibindən çıxarıb bizə göstərdi...

Bu, faciəvi və dəhşətli idi – lakin bütün bunlarda düz olmayan nəsə vardı...”

(Davamı var)

Təqdim etdi:  Sultan Laçın
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər