Mayın 8-də Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 28-ci ildönümü qeyd olundu. 4 gündən sonra isə Laçının ermənilər tərəfindən işğalının 28-ci ildönümü qeyd olunacaq.
Maraqlıdır, bu işğal faktları, habelə Qarabağda baş verənlər Azərbaycan ədəbiyyatında öz əksini yetərincə tapıbmı?
Moderator.az-a açıqlama verən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı ədəbiyyatın heç bir halda Qarabağa borclu qalmayacağını vurğuladı:
“Ədəbiyyatımızda Qarabağla, uğur və uğursuzluqlarımızla bağlı kifayət qədər yazılar yazılıb. Ola bilsin ki, monyumental əsərlər hələ yoxdur. Amma zamanla o da olacaq. Hələ ki, ortada bir məğlubiyyət faktı var. Torpaqlarımızı geri qaytara bilməmişik. Bu isə şübhəsiz ədəbiyyatın qol-qanad açmasına imkan vermir. Zaman gələr ədəbiyyatımız o barədə tam sözünü deyər.
Indiki məqamda isə kifayət qədər şeirlər yazılıb. Şuşa, Laçınla bağlı şeirlərin sayı kifayət qədərdir. Yazıların da sayı kifayət qədər çoxdur. Bu şeir və yazılarda həmin torpaqlara sevgi, həsrət, ürək ağrısı öz əksini tapıb. Doğrudur, hazırda o torpaqlar bizim əlimizdə deyil. Amma onların haqqında pozitiv, nikbin ovqatla yazmaqda davam edirik. Sanki bu torpaqlar hələ də əlimizdədir. İnşallah, ədəbiyyat Qarabağa borclu qalmayacaq”.
Seymur ƏLİYEV