Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Naizrliyində həyata keçirdiyi əməliyyat bütün cəmiyyətdə, xüsusilə də mədəniyyət və incəsənət sektorundakı insnalar arasında böyük təqdir və rezonansa səbəb olub. Xalqın mədəni dəyərlərini alver predmetinə çevirən, milli mədəniyyətimizin keşiyində durmalı ikən şəxsi maraqlarının keşiyində dayanan şəxslərin həbsi, təbii ki, yalnız alqışlana bilər. Ümumiyyətlə, DTX-nın bu əməliyyatı adıçəkilən qurumun Azərbaycan mədəniyyəti qarşısındakı ən böyük xidməti sayıla bilər.
Xatırladaq ki, məlum həbslərlə bağlı istintaq araşdırması gedir və bu araşdırmanın gedişatına uyğun olaraq yeni-yeni səlahiyyət sahiblərinin DTX-ya dəvət edilməsi, məsuliyyətə cəlb edilməsi tamamilə mümkündür. Hazırkı məqamda isə baş verənlərin hüquqi baxımdan Əbülfəs Qarayevi “vurub-vurmayacağı” bəlli olmasa da, mədəniyyət nazirinin baş verənlərə görə ən azından mənəvi məsuliyyət daşıdığı şübhəsizdir. Çünki mədəniyyət naziri həqiqətən də uzun illər rəhbəri olduğu nazirlikdə rüşvət və korrupsiyadan xəbərsiz olubsa, bu, onun rəhbər şəxs kimi yerində olmadığından, öz vəzifəsinin öhdəsindən gələ bilmədiyindən xəbər verir.
Fəqət DTX-nın Mədəniyyət Nazirliyindəki əməliyyatından sonra mediada bir sıra mədəniyyət və incəsənət xadiminin Əbülfəs Qarayevə yönəlik ciddi tənqidləri yer almağa başlayıb ki, bu tənqidlərin bir çoxu nazirlikdə baş verən qanunsuzluqlar qədər ikrah doğurur. Buna səbəb uzun illər Mədəniyyət Nazirliyində baş verən qanunsuzluqlar, özbaşınalıqlar haqqında israrla susan, özlərini korluğa, karlığa, lallığa vuran şəxslərin indi birdən-birə dil açması, “mədəniyyətimizin təəssübkeşi” donuna bürünməsidir.
DTX-nın məlum əməliyyatından sonra cəsarətə gələn, Əbülfəs Qarayevi ən müxtəlif qanunsuzluqlarda ittiham edən bu şəxslər, bu günə qədər niyə susduqlarına, niyə vaxtında baş verənlərlə bağlı mediayaya, ictimaiyyətə, ölkə rəhbərliyinə müraciət etmədiklərinə aydınlıq gətirmir. Hansı ki, bu susqunluğun səbəbi izahsız da məlumdur. Bu gün Əbülfəs Qarayevə meydan oxuyan bu şəxslərin bir çoxu DTX əməliyyatına qədər öz şəxsi maraq və mənafeylərinə görə susqunluq sərgiləyib, gözləmə mövqeyində dayanıblar. Mədəniyyət Nazirliyindən umacaqlı olan, mənzil, fəxri ad və s. gözləntisində olan bu şəxslər nazirliklə münasibətləri korlamamaq xatirinə bu gün dilə gətirdikləri həqiqətlərə illər uzunu göz yumub, bir çox hallarda isə nazir və nazirliyin ünvanına mədhiyyələr səsləndiriblər. Əbülfəs Qarayev üçün yolun sonunun göründüyü bir anda isə bütün gözləntilərin mənasız olduğunu dərk edərək illər uzunudur ki, içlərindəki qəzəb və nifrəti qusmağa çalışırlar.
Məni bağışlayın, amma bu, ziyalılıq deyil cənablar. Əsl ziyalılıq zülmətdə işığa çevrilmək, hamı qorxub susanda dilə gəlməkdir. Əsl ziyalılıq şəxsi maraqların deyil, ictimai maraqların keşiyində durmaq, doğru bildiklərini doğru zamanda hayqırmaqdır. Əsl ziyalılıq ölkə mədəniyyətinə, ölkə tarixinə, milli maraqlara mənzil, fəxri ad gözləntisindən daha uca prizmadan baxmağı bacarmaq, gərəkirsə, özünü bu dəyərlərə qurban vermək bacarığıdır.
Təbii ki, Əbülfəs Qarayevi DTX əməliyyatından öncə də tənqid edən, öz iradlarını açıq şəkildə dilə gətirən ziyalılarımız olub. Onların bu gün nazirlik və onun rəhbəri haqqında tənqid və ittiham səsləndirməsi tamamilə təbii qarşılana bilər.
Yıxılanı baltalamaq, illərdir özünü doğrultmayan gözləntilərin küskünlüyünü mədəniyyətə canıyananlıq nümunəsi kimi sərgiləmək isə ziyalılıq deyil. Bu cür ziyalıların ölkənin mədəni həyatında baş verənlərə görə daşıdığı mənəvi məsuliyyət payı Əbülfəs Qarayevdən az deyil. Odur ki, onların qınağı günahlarından daha betərdir və dünənə qədər özlərini aldadan bu şəxslər, bu gün gecikmiş ittihamlarla cəmiyyəti aldatmağa, özlərinin “vaxtı keçmiş ziyalı obrazını” yenidən qaytarmağa cəhd edirlər. Ancaq undurular ki, xalq hər şeyin fərqindədir və bu cəhd onlara növbəti məyusluqdan başqa heç nə qazandırmayacaq!.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru