Bu gün Gəncədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yerli sakinlərlə növbəti görüşünü keçirib. Moderator.az-ın xəbərinə görə, icra başçısı ilə görüşə gələn sakinlər müxtəlif sahələrə aid məsələləri qabardıblar. Qəbulda ümumilikdə 84 nəfər şikayətçinin ərizə və məktubu əsasında müraciəti dinlənilib. Şikayətçilər arasında Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər kateqoriyadan olan vətəndaşlar olub. Müraciətlər əsasən məşğulluğun təmin olunması, mənzillə təminat və mənzil şəraitinin yaxşılaşdırılmasına köməkliyin göstərilməsindən ibarət olub. Bundan başqa ev və ticarət məqəsdilə torpaq sahələrinin ayrılması, daimi olaraq su ilə təminatı sahəsindəki problemlər də səsləndirilib. Qəbulda binaların dam örtüyü, yol və küçə işıqlandırılması sahəsindəki problemlər də qabardılıb. Bir qrup şəhər sakini isə küçə üçlüyündən şikayət edib. Vətəndaşlar içərisində əvvəlki qəbullarda iştirak edən və probleminin öz həllini tapdığı üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkürə gələnlər də olub. Əhalinin şikayətlərini dinləyən şəhər İcra Hakimiyyətinin başçısı hər bir müraciətin araşdırılması və qanun çərçivəsində həlli məqsədilə tapşırıqlarını verib. Bir sıra problemlər isə yerindəcə həll edilib. Elmar Vəliyev bildirib ki, bu qəbildən olan görüşlərin əsas məqsədi ölkə başçısının tapşırığına müvafiq olaraq vətəndaşların firavanlığının təminatı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Elmar Vəliyev şəhər sakinlərinin problemlərinin həlli istiqamətində lazımi addımların bundan sonra da atılacağına diqqət çəkib. Qəbulda binalarında liftin işləməməsi ilə bağlı müraciət edənlərə icra başçısı bildirdi ki, artıq Gəncə şəhərində hündürmərtəbəli binalarda liftlərin yenisi ilə əvəzlənməsinə başlanılıb. Jari ilin sonuna kimi 80 lift yenisi ilə əvəz olunacaq. 2014-cü il başa çatana kimi isə şəhərdə mövcud olan 200 ədəd lift yenilənəcək və bununla da problem tamamilə aradan qaldırılacaq. O ki, qaldı dam örtüyü ilə bağlı problemlərə, Elmar Vəliyev 2015-ci ilə kimi Gəncədə bütün yaşayış binalarının dam örtüyünün əsaslı şəkildə yenidən qurulmasının başa çatacağını bildirib. Jari ilin sonuna kimi isə daha 150 binanın dam örtüyünün əsaslı təmirdən sonra təhvil veriləcəyini bildirib. İcra başçısı ilə görüşdə həllini tapan problemlərdən başqa bir sıra məsələlərin də araşdırılaraq yoluna qoyulması, problemlərin vaxtında həlli barədə struktur rəhbərlərinə tapşırıq və tövsiyələr verilib.
Qeyd edək ki, görüşdə sakinlərlə yanaşı Gəncə şəhərində fəaliyyət göstərən dövlət strukturlarının rəhbərləri də iştirak edib.
Moderator.az