1986-cı ildə baş verən Çernobıl faciəsindən 34 il keçdi. Həmin faciənin mənfi nəticələri və onun qurbanları bu gün də müzakirə predmetidir. Fikrimcə, qısa müddətdə minlərlə insanın ölümünə səbəb olan və dünya iqtisadiyyatını çökdürməyə yaxın olan koronavirus pandemiyasını “Çin Çernobılı” adlandırmaq mümkündür.
Koronavirus pandemiyasının ilk episentri Çin olasa da, hal-hazırda Çində koronavirusa yoluxmuş xəstə yoxdur. Çin bu mübarizədən minimum ziyanla çıxmağa çalışdı. Buna baxmayaraq, koronavirus Çinin iqtisadiyyatına sadəcə bu ilin ilk iki ayında 196 milyard dollar ziyan vurdu. Rəsmi statistikaya əsasən, 5 milyon insan işsiz qaldı. Bu ilin ilk aylarında Çinin iqtisadiyyatında keçən ilin ilk aylarına nisbətən 6.8% azalma müşahidə olundu. Çinin iqtisadiyyatında ən çox zərər istehlak sahəsinə dəydi. Bu statistika qısamüddətli dövr üçün nəzərə alınıb. Uzunmüddətli dövr üçün isə koronavirusun vurduğu ziyan Çin üçün daha təhlükəlidir. Böyük şirkətlər Çini ucuz işçi qüvvəsi mənbəyi kimi görür və həmin şirkətlərin fabrik və zavodları məhz bu amilə görə Çində qurulurdu. Artıq Çindəki bir çox şirkət zavodlarında istehsal dayandığı üçün iflasa uğradıqlarını bildiriblər.
Azərbaycan da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələr gündəlik tələbat mallarını, həmçinin uzunmüddətli istifаdə təyinаtlı əmtəələri Çindən idxal edirdi. Koronavirusun insanlar üzərində psixoloji təsiri nəticəsində “Çində istehsal edilib” etiketi ilə satılan məhsullara tələb azala bilər. Ucuz işçi qüvvəsindən istifadə edərək öz məhsullarını istehsal etmək istəyən böyük şirkətlər Çində zavod tikmək fikrindən daşına bilərlər. Çünki insanlar bu virusun yayılmasında Çin hökümətini günahkar bilirlər.
ABŞ prezidenti Donald Tramp çıxışlarında koronavirusu “Çin virusu” adlandırır. Missuri ştatı koronavirus səbəbilə iqtisadiyyatına 10 milyard dollardan çox ziyan dəydiyinə görə Çini məhkəməyə verib. Çinin xarici işlər naziri bu addımın heç bir hüquqi əsasının olmadığını bildirib. Çin koronavirusun araşdırılması məqsədilə müstəqil beynəlxalq araşdırma qrupunun yaradılmasını və koronavirusun mənbəyinin araşdırılmasının əleyhinədir.
Qeyd etdiyim kimi, Çernobıl faciəsi 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzasıdır. Qəza Sovet nüvə enerji sənayesindəki təhlükəsizlik ilə bağlı narahatçılıqları gətirdi. Bu hadisə Sovet hakimiyyətində sənayenin inkişafını yavaşlatdı və hökumət gedən proseslər haqqında məlumatları ört-basdır etməməyə məcbur oldu. Çernobıl fəlakətinin hökumət tərəfindən gizlədilməsi, "Sovet hakimiyyətinin dağılmasına gətirib çıxaran islahatlar" üçün katalizator rolunu oynadı.
Koronavirus epidemiyası bitdikdən və ya miqyası azaldıqdan sonra araşdırmalar nəticəsində koronavirusun laboratoriyadan sızması aşkarlanarsa, Çin üzərindəki beynəlxalq təzyiq artacaq. Bütün bunları nəzərə alsaq, koronavirus Çin üçün Çernobıldır. Çernobil hadisəsi SSRİ-nin dağılmasına səbəb oldusa, koronavirus nəticəsində dağılan nə olacaq? Çinin siyasətində dəyişiklik olacaqmı? Çin bütün bunlardan dərs çıxarıb daha demokratikləşməyə qərar verəcəkmi? Bu kimi suallara cavab axtarmaq hələ tezdir. Amma onu demək olar ki, Çin həm iqtisadi, həm də siyasi cəhətdən dəyişikliyə məruz qalacaq. Və bu dəyişikliklər indiki Çin hakimiyyətinin xoşuna gəlməyəcək.
Şahin Quliyev
iqtisadi təhlilçi