Pandemiyaya görə karantin rejimində yaşasaq da ölkədə bir sıra diqqət çəkən proseslər cərəyan edir və bunlar hakimiyyətin bir müddətdir başlatdığı siyasi açılımın tərkib hissəsi kimi qiymətləndirilir.
Burada
xüsusilə bir müddət əvvəl son illərdə ilk dəfə baş verən iki siyasi partiyanın
dövlət qeydiyyatına alınmasını və bu günədək heç baş verməyən müxalifət təmsilçilərinin
məhkəmə qərarı ilə bəraət, hələ üstəlik mənəvi zərərə görə kompensasiya da almalarını
misal göstərmək olar.
Bütün bunlar
ölkədə geniş mənada siyasi dialoqun baş tutmasına zəmin yaradacaqmı?
Sualla bağlı
Moderator.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli
Əliyev deyib ki, müəyyən addımlar atılsa da, hələlik siyasi dialoqdan danışmaq
tezdir:
“İqtidarın
apardığı siyasəti hələlik dialoq kimi xarakterizə etmək doğru olmaz. Ayrı-ayrı
partiyalarla keçirilən görüşləri dialoq adlandırmaq düzgün deyil. Bunlar tanışlıq
xarakteri daşıyır. Hakimiyyət siyasi açılıma getmək istədiyini bəyan edib.
Bundan sonra biz onların addımlarını və real gördükləri işləri müşahidə edirik.
Təbii
ki, biz deyilən sözlərdən daha çox əməldə olan işlərə inanırıq. Əməldə baş verənlərin
içərisində son günlərdə iki partiyanın qeydə alınması və REAL partiyasının rəsmiləri
haqqında onlara bəraət və kompensasiya verən məhkəmə qərarlarının olması da
var. Ancaq o da var ki, məsələn, Əhməd Orucun əməliyyatına verilən dəstəyə görə
onun övladından dəfələrlə müsahibə aldırılması, fikrimcə, köhnə ənənələrin
davamıdır. Koronavirus karantininə görə ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul
olan bir sıra şəxslərə fəaliyyət sərbəstliyi verildi, amma siyasi partiyaların
rəhbərliyinə bu sərbəstlik verilmədi”.
Partiya
sədrinin sözlərinə görə, qanunvericilik bazası formalaşmadan geniş siyasi
islahatlardan danışmaq tezdir:
“Ancaq
istərdik ki, bu istiqamətdə son dövrlərdə atılan addımlar fundamental və
davamlı olsun”.