Mən bilmirəm ötən əsrin əvvəllərində eyni adlı qurumu yaradanlar da belə seytnot vəziyyətinə düşüblər ya yox, ancaq bu gün “Milli Şura” adlandırılan müxalif birlik sözün həqiqi mənasında çox utancverici bir durumla üzləşib. Bu vəziyyəti çoxları haqlı olaraq qəliz tapmaca da adlandırırlar. Doğrudan da Milli Şuranın vahid namizədi hal- hazırda bir kal armud kimi qalıb bu qurumu formalaşdıran qosqoca siyasi liderləin boğazında, nə uda, nə tüpürə bilirlər. Nə gizlədim, Rüstəm müəllimin “Oskar” mükafatına layiq görülmüş ssenarisində nədən bəhs edildiyindən xəbərsizəm, ancaq kinoşünas olmasam da mən bəri başdan onun mükəmməllikdən çox uzaq bir əsər olduğu qənaətinə gəlmişəm. Çünki hər şeyi ölçüb- biçməyi bacaran adam bu qədər asanlıqla tovlana bilməz. Bəli, mən tam əminəm ki, o bəzilərinin iddia etdiyi kimi hakimiyyətin xeyrinə çirkli oyunlar oynamır, sadəcə aşırı səmimiliyindən və siyasi səriştəsizliyindən ona elə torba tikiblər ki, “Oskar”a layiq görülən ssenarisi bu hoqqanın yanında olub “Cırtdanın nağılı”nın 2013-cü il versiyası...
Xülaseyi-kəlam, “bu ilki seçki də belə getdi” demək üçün sicilləmə əsaslar ortada göz-qaş eləyir. Tağı Əhmədov demişkən, burcutmağın bu dəfə heç yeri yoxdu. Görünən odur ki, müxalifət bu dəfə də ölkəni ağ günə çıxarmaq şanslarını yelə verdi. Tutaq ki, sabah lap Putin Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığını ləğv etdi, o da Azərbaycana gələrək heç bir şey olmayıbmış kimi seçki marafonuna qatıldı. Kim zəmanət verəcək ki, vahid namizəd heç kimin gözləmədiyi halda növbəti sürprizləriylə hamını şoka salmayacaq? Şəxsən atıq mənim ona inamım sıfırın yan-yörəsində tərəddüd edir. Çünki adam kim olursa olsun, doğru-dürüst olmalı, dostları xəyal qırıqlığına uğratmamalı, düşmənlərin, rəqiblərin əlinə dəstəvüz verə biləcək bütün addımlardan imtina etməlidir. Ancaq indi nə baş verir? Hakimiyyət təmsilçiləri onun “məsuliyyətsiz” adlandırır. Nə yazıq ki, bu dəfə onlarla razılaşmamaq mümkün deyil.
Bir sözlə, sabah nəyin baş verəcəyindən asılı olmayaraq builki seçkinin mənim üçün dadı-duzu qaçdı və heç ləzzət eləmədi. Hətta sabah İlham Əliyev dünyanın səkkizinci möcüzəsini reallaşdıraraq Rüstəm İbrahimbəyovun xeyrinə namizədliyindən imtina etsə də mənimçün bunun heç bir önəmi yoxdur. Çünki bir əməlin ki,təməli saxtadır, onun üzərində qurulacaq hər şey haramdan yoğrulmuşdur demək. Rüstəm müəllimin prezidentlik iddiası da Rusiya pasportuyla “çirkləndiyindən” onun qələbəsi belə, bu millətə xeyir gətirə bilməz. Hər halda yanlış olsa belə bu da mənim proseslərə baxışımdır və siyasətçilər demişkən, hesab edirəm ki, hakimiyyət bu dəfə daha asan qələbə qazanacaq. Çünki narazı elektoratın səs verəcəyi namizəd ya olmayacaq, ya da bu səslər elə parçalanacaq ki, heç nəyi ifadə etməyəcək.
Bilirəm ki, ölkədə dəyişiklik üçün qulağı səsdə olan bir çox oxucu bu yazıya görə məni qınayacaq, hakimiyyətin dəyirmanına su tökməkdə ittiham edəcək. Ancaq camaat, vallahi də, billahi də püşkümüzə düşmüş bu qəliz tapmacaya ağılabatan cavab tapmaq müşkül məsələdi. Təki ehtimallarım özünü doğrultmaya, təki Rüstəm müəllim ona bəslənən etimadı doğruldaraq bütün bədbin proqnozları alt-üst edə. O zaman millətin ağ günə çıxması naminə hər cür cəzamı çəkməyə hazıram.