Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı açıqlaması Ermənistanda Paşinyan hökumətinin yenidən tənqid edilməsinə zəmin yaradıb.
Lakin erməniləri qıcıqlandıran yalnız onun bu açıqlaması deyil. Bundan sonra Lavrov Rusiyanın Ermənstana satdığı qazın qiymətinin artırılması barədə də danışıb.
Moderator.az erməni saytlarına istinadla bildirir ki, Ermənistan parlamentinin deputatı Arman Babacanyan bunu Rusiyanın Ermənistanı şantaj etməsi kimi qiymətləndirib. Babacanyan deyib ki, bu, nəinki iki müttəfiq ölkənin münasibətlərinə ziddir, hətta heç bir qonşuluq əlaqlərinə də uyğun deyil:
“Lavrov, əslində birbaşa deyir ki, Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı məhkəmə prosesləri başladıldığı üçün Rusiya Ermənistana qaz qiymətlərini qaldırmaq niyyətindədir. Bu, Ermənistana qarşı şantaj və onun daxili işlərinə müdaxilə formasıdır”.
Qeyd edək ki, məhz bu məqamda Lavrovun yenidən münaqişənin mərhələli həllini “xatırlatması” da Ermənistanda bu şantajın tərkib hissəsi hesab edilir.
Xatırladaq ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan iqtisadiyyatında əsas söz sahibi olan Rusiya şirkətlərinin qanunsuz fəaliyyətləinin hüquqi müstəvidə araşdırılmasına başlanılıb.
Müşahidəçilər bu ərəfədə Lavrovun Ermənistana qarşı görünən ikibaşlı açıqlamalarını məhz bununla əlaqləndirirlər. Son vaxtlar Köçəryanın ətrafında baş verən kampaniya da bu təzyiqin təzahürlərindən biri kimi qiymətləndirilir.
Bir sözlə, Lavrovun problemin “mərhələli həlli” ilə bağlı danışıqlar prosesində gözlənilməz “fəallığı”nın yenə də Dağlıq Qarabağ münaqişəsinə heç bir dəxli yoxdu...
Taleh