Aprelin 21-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin onlayn formada görüşü keçirilib. Görüş mahiyyətinə görə əvvəlki analoji danışqılardan fərqlənməsə də açıqlanan yekun bəyannamədə aktual olan bir sıra məsələlərə toxunulmaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə məsələlərdən biri də
Dağlıq Qarabağ separatçı rejiminin keçirdiyi son “seçki” oyunudur. Minsk
qrupunun həmsədrləri nə görüşdən əvvəl, nə də sonra mövzu ilə bağlı gözlənilən
münasibəti sərgiləmədilər.
Lakin Azərbaycan Xarici
İşlər Nazirliyinin məsələ ilə bağlı mövqeyi fərqlidir.
XİN-n sözçüsü Leyla
Abdullayeva Moderator.az-a bununla əlaqədar açıqlamasında bildirib ki, Dağlıq
Qarabağdakı “seçki”yə Azərbaycanın və dünya ictimaiyyətinin mövqeyi bəllidir,
ona görə də bu, müzakirə mövzusu ola bilməz:
“İşğal edilmiş torpaqlar
Azərbaycan əraziləridir, burada keçirilən “seçkilər” də qanunsuzdur. Beynəlxalq
ictimaiyyət də məsələyə münasibətini bildirib.
Əgər belə olmasaydı, bu məsələ həm müzakirə olunardı, həm də son açıqlamada əksini tapardı. Bir daha xarırladım ki, burada söhbət qanunsuz “seçki” şousundan gedir, ona görə də o hər hansı formada müzakirə predmeti ola bilməz”.