Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təsdiq olunub.
Dəyişikliyə əsasən "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalı təsis edilib. Cəmiyyətdə etiraza səbəb olan bu məsələyə parlamentdə də münasibət birmənalı olmayıb.
Deputat Fazil Mustafa Yenisabah.az-a açıqlamasında bildirib ki, layihənin əleyhinə səs verib. “Bizim üçün böyük vətən Azərbaycan, böyük vətən müharibəsi isə Qarabağ mühairbəsidir”,- deyə deputat vurğulayıb.
Fazil Mustafa əlavə edib ki, yubiley medalının adına ilk etiraz edənlərdən biri məhz o olub. “Bu məsələyə indi etiraz edənlər bunu sanki yeni bir ideya kimi gündəmə gətirirlər. Halbuki 3 iclas əvvəl mən bu məsələni qaldırmışdım. O zaman bizə dəstək versəydilər, daha yaxşı olardı.
Hesab edirəm ki, biz bu addan imtina etməliyik. İmtina etməməyimiz Jirinovski kimilərə “Gəlin böyük vətənə daxil olun” deməyə imkan verir. Bu tamamilə yanlış addır və sovet ideoloji sisteminin Azərbaycan cəmiyyətinin üzərində “Domokl qılıncı” kimi qalmasına şərait yaradan anlayışdır”, -deyə deputat bildirib.
Taryel M.