Turan İnformasiya Agentliyinin
direktoru Mehman Əliyev “Yeni Müsavat”a açıqlamasında Rüstəm İbrahimbəyovun
prosesdən kənarda qalacağı təqdirdə Milli Şuranın vahid namizədliyinə
namizədlərdən danışarkən keçmiş millət vəkili Gültəkin Hacıbəyli barədə səsləndirdiyi
fikirlər öz-özlüyündə sual yaradıb. Mehman Əliyev bildirib ki, Rafiq Əliyev və
Cəmil Həsənlidən başqa onun və Gültəkin Hacıbəylinin namizədliyi ötən
toplantıda müzakirə olunanda tarixçi alim dərhal namizədlikdən imtina etsə də
sonuncu bu barədə hər hansı fikir bildirməyib: “Açığı Gültəkin xanım heç nə
demədi. Mən onun yerinə danışa bilmərəm.”
M. Əliyevin fikirlərinə
münasibət öyrənmək üçün Gültəkin Hacıbəylini aradıq. Moderator.az-a
açıqlamasında keçmiş millət vəkili bildirdi ki, onun susması nəyisə gözləməsi
və ya fikirləşməsi kimi yozulmamalıdır: “Sadəcə bu təklifi ciddiyə almadığım
üçün nəsə demədim. Mənim namizədliyimi irəli sürən hər kəsə təşəkkürümü
bildirirəm. Ancaq mənim belə bir iddiam yoxdur. Mən Cəmil Həsənlini də, Mehman
Əliyevi də layiqli namizəd hesab edirəm. Mətbuatda deyildiyi kimi əgər Cəmil
müəllim namizəd olmaqdan imtina edibsə və yalnız Mehman müəllimin namizədliyi
varsa, böyük məmnuniyyətlə onu dəstəkləməyə hazıram. Mənim bir ziyalı və
ləyaqətli insan kimi Mehman Əliyevə çox böyük hörmətim var.”