Avqustun
13-də Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin seçki qərargahı
toplantı keçirib. Seçki qərargahının üzvü Gülağa Aslanlının “Yeni Müsavat”a
verdiyi məlumata görə, iclasda ilk olaraq rayonlarda imza toplayacaq şəxslərlə
ötən həftə keçirilən müşavirə haqqında, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və
Gəncə təşkilatlarının üzvləri ilə keçirilən təlim haqqında məlumat verilib. Həmçinin
görüləcək müəyyən işlərin bir daha planlaşdırılması, seçki məntəqələri üzrə məşvərətçi
səs hüquqlu komissiya üzvlərinin siyahılarının, eyni zamanda müşahidəçilərin dəqiqləşdirilməsi
istiqamətində tapşırıqlar verilib.
G.Aslanlı məlumat verdi ki, seçki qərargahının
müəyyənləşdirdiyi imza toplayan şəxslər təkcə İsa Qəmbər üçün imza toplamaq
üçün müəyyənləşməyib. Onlar Milli Şuranın vahid namizədi seçkidə iştirak edəcəyi
təqdirdə onun üçün də imza toplayacaqlar: “Həmin imza toplayanların hər iki
situasiyaya hazır olacaqlar. Yəni Milli Şuranın vahid namizədi olacaqsa, onun
üçün imza toplanacaq, əgər İsa Qəmbərin namizədliyi olacaqsa İsa bəy üçün imza
toplayacaqlar”.