Məlum olduğu kimi Rusiya prezidenti
Vladimir Putin avqustun 13-də Azərbaycana gəlib. Uzun fasilədən sonra V.Putinin
böyük nümayəndə heyətinin müşayiəti ilə baş tutan bu səfəri təbii ki, Bakıda
birmənalı qarşılanmayıb.
Belə ki, Rusiyanın və onun rəhbərliyinin
Azərbaycanla bağlı siyasətini, xüsusilə də Qarabağla mövqeyini daim sərt
tənqidə məruz qoyan bir sıra partiyalar Putinin budəfəki səfərinə dözümlü
münasibət bəsləyiblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli partiyasının mövqeyini
Avropa.info-ya açıqlayaraq bildirib ki, Rusiya prezidentinin bu səfəri
ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək.
“Ümid edirəm ki, səfərin yekununda imzalanacaq sənədlər ölkələrimiz arasındakı
gələcək əməkdaşlığın yüksələn xətlə inkişafına öz töhfəsini verəcək”- E.Mirzəbəyli
qeyd edib.
YAP-çı millət vəkili Aydın Mirzəzadə bu
səfəri iki ölkə arasındakı münasibətlərin göstəricisi hesab edir. Onun
fikrincə, hər iki ölkənin bir çox regional və beynəlxalq məsələlərdə mövqeləri
üst-üstə düşür və bu məsələlərdə onların bir-birini dəstəkləməyə ciddi
ehtiyacları var.
Səfər zamanı əsas müzakirə mövzularından
biri kimi Qarabağ münaqişəsinin olduğunu deyən A.Mirzəzadənin fikrincə, Dağlıq
Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibdir.
Çünki bu Rusiyanın regionda güc mərkəzi olaraq Cənubi Qafqazda sülhün
yaradılmasına xidmət edəcək amilin göstəricisidir: “Əgər bu problem həll
olunmazsa, Ermənistanın düşdüyü böhran vəziyyəti dərinləşə və Rusiyanın
regiondakı nüfuzuna xələl gətirə bilər”.
Ana Vətən Partiyasının funksioneri, millət
vəkili Zahid Oruc da Putinin bu səfərinin Azərbaycanın siyasi həyatında müəyyən
dəyişikliklər yaradacağına inanır: “Səfər zamanı imzalanan sənədlər bir daha
sübut edir ki, ortada iki ölkə arasındakı münasibətlərini strateji əməkdaşlıq
səviyyəsinə qaldırmaq niyyəti var. Bu iki ölkə arasında ortaq məxrəclərə
gəlmənin göstəricisidir. Putinin Bakıya səfəri Ermənistanı çox narahat edir”.
Z.Oruc hesab edir ki, Putinin bu səfərinin baş tutması Rusiyanın Qafqazda
itirillmiş mövqelərini bərpa etmək idisə, digər tərəfdən də, İlham Əliyevin
lider kimi uğuru sayılmalıdır.
Vətəndaş və İnkişaf Partiyasının
(VİP) sədri, prezidentliyə namizəd Əli Əliyevsə Rusiya prezidentinin Bakıya
hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlişinə sərt etirazını bildirib. Onun
partiyasının yaydığı bəyanatda deyilir ki, Putinin Azərbaycana hərbi dəniz
qüvvələrinin müşayiəti ilə gəlməsi Kremlin imperiya ambisiyalarının növbəti
təzahürü kimi qiymətləndirilməlidir.
AXCP sədrinin müavinin Razi Nurullayevin
də Putinin ölkəmizə sözügedən səfəri ilə bağlı maraqlı mülahizələri var.
Sədr müavininin iddiasına görə, Rüstəm İbrahimbəyovun müxalifətin vahid
namizədi olması Rusiyanın Azərbaycana diktəsinin reallaşmasında müstəsna rolu
oldu. Onun fikrincə, R.İbrahimbəyovun müxalifətin vahid namizədi olması
Azərbaycanın manevr imkanlarını məhdudlaşdırmaqla yanaşı, mövqelərini də
zəiflətdi: “R.İbrahimbəyovun namizədliyindən istifadə edən Rusiya Azərbaycana
təzyiq edərək öz təkliflərini Azərbaycan hakimiyyəti ilə razılaşdırmağa vadar
etdi. Əgər İbrahimbəyov kartı
olmasaydı ola bilsin ki, Putinin Azərbaycana bu səviyyəli səfəri reallaşa
bilməzdi. Bu səfər bir daha sübut edir ki, iki ölkə arasında ikitərəfli
və çoxtərəli məsələlərdə artıq razılıq əldə olunub. Səfərin nəticəsi olaraq
yəqin ki, Rusiya Şahdənizdə, TANAP və TAP-da öz iştirakçılıq payını alacaq”.