Vətəndaş və İnkişaf Partiyasının
(VİP) sədri, prezidentliyə namizəd Əli Əli Əliyev Rusiya prezidenti Vladimir
Putinin Bakıya hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlişinə dair etiraz
bəyanatı verib.
Partiyanın mətbuat xidmətindən Moderator.az-a daxil olan
bəyanatda deyilir:
“Rusiya prezidenti Vladimir
Putinin Azərbaycana hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlməsini Kremlin
imperiya ambisiyalarının növbəti təzahürü kimi qiymətləndirmək olar.
Putinin rəsmi təqdimatda işgüzar
xarakter daşıyan bu səfərini hərbi gəmilərlə həyata keçirməsinə fərqli izahat
vermək mümkün deyil. Harada görülüb ki, bir dövlətin başçısı digər ölkəyə məhz
bu şəkildə işgüzar səfər etsin?
Rusiya hakimiyyətinin postsovet
ölkələrinin müstəqilliyinə münasibəti və Avrasiya İttifaqı adı altında SSRİ-ni
nəyin bahasına olursa-olsun bərpa edərək, Azərbaycanı da ora sürükləmək niyyəti
Putinin Bakıya hərbi gəmi ilə gəlişində özünü ən açıq formada büruzə verir.
Vətəndaş və İnkişaf Partiyasının
sədri və prezidentliyə namizəd olaraq, Vladimir Putinin Azərbaycana hərbi
qüvvələrin müşayiəti ilə gəlməsinə, eyni zamanda, Azərbaycan hakimiyyətinin ona
belə bir şərait yaratmasına qəti etirazımı bildirirəm.
Azərbaycan hakimiyyətini ölkənin
dövlət müstəqilliyi baxımından olduqca həssas sayılan belə məqamlarda diqqətli
davranmağa və belə halların əsla təkrarlanmamasına çağırıram”.