Koronavirus epidemiyasının bütün dünyada yayılmaqda olduğu bir dönəmdə bu xəstəliyin sadəcə dünyamızın sosial, iqtisadi, siyasi həyatını deyil, bəşəriyyətin dünyagörüşünü, bu günə və gələcəyə yönəlik baxışlarını, hərəkət və davranışlarını da dəyişdirəcəyi ilə bağlı iddialar səslənməkdədir. Nəinki ziyalıların, hətta hadisə və proseslərə daha praqmatik yanaşan siyasilərin də bir qismi hesab edir ki, bəşəriyyətin mövcudluğu faktının nə qədər kövrək olduğunu göstərən koronavirus, öz dəhşəti və ölümcül gücü ilə insan zehnində böyük dəyişikliklərə yol açacaq, onu daha humanist, xeyirxah və dərrakəli edəcək.
Bəs əslində necə?
Koronavirusun dünyamıza gətirdiyi ölüm qorxusu bizi daha duyarlı, daha pak,
daha düşüncəli və daha mənəviyyatlı edəcəkmi? Həqiqətənmi fiziki məhvinin
astanasında dayanan dünya bundan sonra qandan, bədxahlıqdan, maddi hərislikdən əl
çəkəcək, şüur etibari ilə yenilənəcək və mahiyyət etibari ilə yeni yaşam yolu
müəyyənləşdirəcək?
Tarixin güldüyü, təcrübənin qəhqəhə çəkdiyi,
şeytanın təəccübləndiyi proqnoz
Şübhəsiz, bu suala cavab
vermək üçün yaxın tarixə qısaca nəzər salmaq kifayətdir. Son bir əsrdə bir neçə
dəfə bir-birindən dəhşətli xəstəliklər, ağır epidemiyalar yaşayan dünya, hər dəfəsində
heç nə olmamış kimi yoluna eyni düşüncə tərzi ilə davam etmiş, insan övladı öz
hirs, qəzəb, varlanmaq və hakimiyyət ehtirası uğrunda qan və göz yaşı tökməkdən
çəkinməmişdir.
1918-ci ildə I Dünya
Müharibəsi başa çatan zaman, bu gün olduğu kimi çoxları hesab edirdi ki, milyonlarla
insana ölüm gətirən bu müharibə bütün cəmiyyətlərdə sülhsevər, tərəqqipərvər,
humanist qüvvələrin dominantlığını təmin edəcək, bəşəriyyəti qanlı savaşlardan
çəkindirəcəkdir. Lakin bu böyük, “ümumdünya tövbəsinin” elanından cəmi 21 il
sonra – 1939-cu ildə “tövbəkar dünya” daha böyük bir müharibəyə - II Dünya
Müharibəsinə start verdi. 6 il davam edən bu müharibə ABŞ-dan Uzaq Şərqə,
Avropadan Afrikaya qədər onlarla xalqa dəhşətli bədbəxtliklər və məhrumiyyətlər
gətirdi. Aclıqdan əziyyət çəkən insanlar küçə itləri və pişiklərinə sahib
olmaq, onların ətləri ilə qidalanmaq üçün bir-birləri ilə mübarizəyə
başladılar. Və dünya 1945-ci ildə, II Dünya müharibəsindən sonra da dəyişmədi.
Bəşər yenə də bir-birindən dəhşətli müharibələrə, soyqırım və talanlara məruz
qaldı. İçilən andlar, edilən tövbələr, axıdılan göz yaşları yeni qırğınlara
mane ola bilmədi.
Odur ki, post-koronavirus
dönəminin dünyaya sülh, əminamanlıq, sosial rifah gətirəcəyi, humanist düşüncə
təlqin edəcəyi, insanları mənəvi baxımdan paklaşdıracağı, onları Allaha daha da
yaxınlaşdıracağı ilə bağlı deyilənlər absurddur. Bu, tarixin güldüyü, təcrübənin
qəhqəhə çəkdiyi, şeytanın insan sadəlövhlüyünə təəccübləndiyi bir proqnozdur. Nə
qədər ağır da olsa anlamalıyıq ki, bütün ümidlərimizə rəğmən, bu proqnoz heç
vaxt gerçəkləşməyəcək.
Çingiz Aytmatovun bacarmadığı, Cəfər Cabbarlının qəbul
etdiyi reallıq...
Maraqlıdır, bir-birindən
dəhşətli xəstəlik və müharibələrə, ölüm-dirim savaşlarına şahid olan bəşəriyyətin
yaşadıqlarına “yox” deyə biməməsi, özü ilə bacarmamasına səbəb nədir?
Yəqin ki, bu suala heç
kim böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı qədər lakonik və anlamlı cavab
verməyib: “Şər insanların fitrətindədir”. Məhz insnaların fitrətində, təbiətində
olan, onların bir hissəsini təşkil edən şər onları başqa cür olmağa, öz fitrətlərinin
əleyhinə getməyə qoymur. Bəşər məhz bu səbəbdən dəyişə, indikindən daha pis və
ya daha yaxşı ola bilmir. Və əslində buna görə - fitrətində, təbiətində olduğu
bir şeyə görə bəşəri qınamaq nəinki mənasız, həm də səfehlikdir. Bu, zəhərli
olduğu və sancdığı üçün ilana, yaxud əqrəbə irad tutmağa bənzəyər. Hansı ki,
bunun axmaqlıq olduğunu izah etməyə ehtiyac yoxdur.
İnsanların fitrətindəki bədxahlıq
məşhur yazıçı Çingiz Aytmatovun yaradıcılığında da öz əksini tapıb: “Mən
insnaların əməlindəki və şüurundakı şərin kökünü kəsmək istəyirəm – mənim dərdim
bax budur”.
Göründüyü kimi,
Ç.Aytmatov insan fitrətindəki şərin kökünü kəsə biləcəyinə inanır, buna səy
göstərir. C.Cabbarlı isə reallığı olduğu kimi qəbul edir və dəyişilməsi
mümkünsüz olanı dəyişdirməyə səy göstərmir.
Odur ki, post-koronavirus
dönəminin bəşəriyyətin həyatına işıq və aydınlıq bəxş edəcəyi ilə bağlı deyilənləri
sadəcə və sadəcə insanların xoş arzusu kimi qəbul etmək lazımdır. Koronavirus dəhşətinin
tam ortasında qəralaşdığımız indiki vaxtda bəzi işbazların maska, spirt və bu
kimi qoruyucu məhsulları bir neçə qat baha qiymətə satması, ərzaq malları və
taksi xismətlərinin qiymətindəki kəskin
artımlar və s. bu proqnozların həmişəlik proqnoz olaraq qalacağının ən bariz
isbatıdır.
Ona görə də biz bütün
bunları ümumiləşdirərək əminliklə deyə bilərik: Bizi nəinki koronavirus, hətta
cəhənnəm belə dəyişə bilməz, cəhənnəm belə...
Seymur ƏLİYEV
E-mail: [email protected]