Bu gün Azərbaycanın mətbuat tarixində misilsiz yer tutat, milli düşüncə tariximizdə böyük rol oynayan “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin nəşr edilməsindən köhnə təqvimlə 114 ili tamam olur.
Moderator.az bununla əlaqədar “Molla Nəsrəddin” irsinin tanınmış tədqiqatçılarından biri, professor Asif Rüstəmlinin jurnal haqqındakı fikirlərini təqdim edir:
-Cəlil Məmmədquluzadə öz ətrafına dövrünün ən qüdrətli yazarlarını toplaya bilmişdi və onlarla birlikdə bu böyük missiyanın öhdəsindən uğurla gəldi. Düşünürəm ki, onlar qarşılarına qoyduqları böyük məqsədlərə nail oldular.
-”Molla Nəsrəddin” jurnalı yarandığı dövrdə Azərbaycanın ictimai fikrində böyük rol oynayıb. Deyərdim ki, maarifçilik hərəkatının önündə gedib. Cəmiyyətin dünyagörüşünün zənginləşməsində mühüm rol oynayıb. Jurnalın ilk nömrəsi köhnə təqvimlə aprelin 7-də işıq üzü görsə də, yeni təqvimlə biz bunu aprelin 20-də qeyd edirik.
-Onu da deyim ki, biz bir çox tarixi hadisələri yeni təqvimlə qeyd etdiyimizə görə, “Molla Nəsrəddin” jurnalının da yaranmasını yeni tarixlə qeyd edirik, ancaq jurnalın 1906-cı ildə çıxan ilk nömrəsinin üzərində 7 aprel yazıldığı üçün biz bu günü də unutmuruq.
-“Molla Nəsrəddin” mən deyərdim, öz dövrün mədəni inqilabı idi, nəhəng bir maarifçilik məşəli idi. Az bir müddətdə çox böyük şəxsiyyətləri öz ətrafında toplaya bilmişdi.
-Jurnal dövrünün mədəni, ictimai-siaysi hadisələrini özündə əks etdirirdi və qısa müddətdə bütövlükdə müsəlman dünyasının aynasına çevilməyi bacardı.
-Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gedən yolun işıqlanamsında, ziyalıların birliyinin yaranmasında da bu dərgi son dərəcə mühüm rol oynadı.
-Jurnal ilk fəaliyyətinə Tiflisdə başlasa da, sonra 1921-ci ildə Təbrizdə 8 nömrəsi nəşr olundu, Bakıda isə 1922-ci ildən 31-ci ilədək fəaliyyət göstərdi.
-25 ilə yaxın müddətdə jurnalın bütövlükdə 711 nömrəsi işıq üzü görüb və Azərbaycanda ilk rəngli və ilk satirik jurnal kimi mətbuat tariximizə düşüb.
-İstər Çar Rusiyası dövründə, istər Təbrizdə, istərsə də Sovet dövründə Bakıda çap edilərkən hesab edirəm ki, “Molla Nəsərddin”in Azərbaycan cəmiyyətinə bəxş etdiyi cəsarət, inkişaf meyllərini onun qədər heç bir mətbu orqan bəxş etməmişdir.
-Fikrimcə, jurnaı daha çox ümummilli məsələlərdən bəhs edib, milli inkişafa xidmət edib. Ona görə də neçəki cəmiyyətimizdə bəzi problemlər qalır o jurnalda yazılanlar əsrlər boyu aktual olaraq qalacaqdır.
Taleh