“Bu bəyanatlar indiki şəraitdə Azərbaycan-Ermənistan sərhədində atəşkəsə əməl olunması ilə bağlı çağırışlardır. Bunlar əvvəlki bəyanatlardan o qədər də fərqlənmir”.
Bu sözləri Moderator.az-a sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlardan sonra KTMT və Rusiya rəsmiləri tərəfindən səsləndirilən bəyanatlara münasibət bildirərkən deyib.
AXP sədri hesab edir ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir, onun hərbi qarantı kimi çıxış edir, ona görə də bu məsələləri vurğulamasında hansısa fövqalədə hal yoxdur:
“Buna baxmayaraq, Azərbaycan düşmənin təxribatlarına cavab verməlidir, burada bir təcavüzkar dövlət var, o da Ermənistandır. Azərbaycan sərhəd bölgəsindəki dinc əhalisinin təhlükəsizliyini təmin etməlidir, bu məsələdə beynəlxalq hüquq tamamilə bizim tərəfimizdədir.
Bu baxımdan, Rusiyanın da bu bəyanatları onun Ermənistanın hərbi müttəfiqi, bizim də torpaqlarımızın işğal altında qalmasının əsas səbəbkarlarından biri olmasına dəlalət edir”.
Pənah Hüseyn Azərbaycan Xarici İşlər Nazirliyinin proseslərə bağlı mövqeyinə qarşı tənqidi münasibətlərdən danışarkən bildirib ki, XİN-in bəyanatı Ermənistanın təxribatlarına qarşı diplomatik bir cavabdır:
“Bu qurum bundan artıq nə edə bilər ki? Bütövlükdə dövlətin torpaqlarımızın azad edilməsi ilə bağlı apardığı siyasət qənaətbəxş deyil”.
Sabiq Baş nazir koronavirus pandemiyasının yaratdığı situasiyada torpaqlarımızın azad edilməsi ilə bağlı cəmiyyətdə gedən müzakirələrə də münasibət bildirib:
“Bu barədə fikirlər səsləndirilir, münaqişənin həlli məsələsini pandemiya ilə əlaqələndirmək məncə, düzgün olmaz. Bizim torpaqlarımız işğal olunub, pandemiya və ya başqa bir hal oldu, ya olmadı, bunun ərazilərin işğaldan azad edilməsilə bağlı hərəkətlərə birbaşa təsiri olmamalıdır.
Bundan əlavə, bu çağırışların Azərbaycan vətəndaşlarının dilindən səslənməsi başa düşüləndir, ancaq ümumiyyətlə, pandemiyanın yaratdığı şəraitdən istifadə etmək kimi məsələlərdən dövlət səviyyəsində istifadə edilməsi mümkün deyil.
Pandemiya təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün dünya üçün təhlükədir”.
Taleh