Koronavirusun bütün dünyada sürətlə yayılması fonunda insanları evdə qalmağa, sosial izolyasiya tədbirlərinə ciddi əməl etməyə yönəlik çağırışlar artmaqdadır. Həm Azərbaycanda, həm də qardaş Türkiyədə dövlət və hökumət yetkililəri, həkim-mütəxəssislər insanları evdə qalmağa, karantin rejiminin tələblərinə əməl etməyə çağırır ki, bunda da məqsəd vətəndaşları qorumaq, onların təhlükəsizliyini təmin etməkdir. Sevindiricidir ki, dövlət yetkililərinin irəli sürdüyü bu çağırış zaman-zaman müxtəlif məşhurlar, mədəniyyət və incəsənət xadimləri, görkəmli siyasətçilər, tanınmış idmançılar və s. tərəfindən də dəstəklənməkdə, bu dəstək nəticəsində daha da genişlənməkdədir.
Moderator.az xəbər verir ki, bu günlərdə Azərbaycanın tanınmış tarzəni Ayaz İmranovla türkiyəli tarzən Eryılmaz Emre “evdə qal” kampaniyasına dəstək olaraq dünya şöhrətli bəstəkar Motsartın məşhur “Rondo” əsərini birlikdə ifa edib. Azərbaycan muğamı ilə başlayan və daha sonra “Rondo”ya məxsus şən tembrlə davam edən musiqi insanları nikbin ovqata, mübarizə və pozitivliyə səsləməkdədir.
Azərbaycan və Türkiyə cəmiyyətini bir yerdə olmağa, koronavirus təhlükəsi önündə həmrəylik sərgiləməyə çağıran sənətkarlar, həm də bu maraqlı ifa ilə türk və Azərbaycan ictimaiyyətinə “bir millət iki dövlət” mesajını çatdırıb. Sözügedən ifanı oxucularımızın diqqətinə çatdırırıq.
Onu da qeyd edək ki, məlum musiqi hər bir sənətkar tərəfindən öz ölkəsində, ev şəraitində ifa edilib və daha sonra xüsusi proqram vasitəsi ilə sintez olunub.
Seymur ƏLİYEV