Dünya iqtisadiyyatı koronavirusa görə böhran yaşayır. Bu, Azərbaycanda da öz fəsadlarını göstərməkdədir.
Lakin indi əsas ictimai müzakirələrdən biri yoluxucu virusa görə bağlanan iş yerləri, əsasən kiçik və orta sahibkarlıq subyektləridir. Bu sektorun daha çox zərərə düşəcəyini proqnozlaşdıranlar dövlətin bununla bağlı dəstək proqramı həyata keçirməsinin zəruruliyini xatırladırlar. O da vurğulanır ki, artıq bir sıra ölkələr analoji dəstək layihələrini reallaşdırırlar.
İqtisadçı ekspert Rövşən Ağayev Moderator.az- a bildirib ki, bu məsələ hökumət tərəfindən ciddi araşdırılmalıdır: “İstənilən halda hökumət dəstək haqqında fikirləşməlidir. Qonşu Gürcüstanda bununla bağlı artıq ilk addımlar atılıb və turuzm obyektləri gəlir vergisindən və əmlak vergisindən azad edilib.
Optimal variant odur ki, hökumət ən çox zərər çəkə biləcək müəssisələri və subyektləri müəyyənləşdirsin ki, hansı sahələr potensial zərərçəkənlərdir. Ona uyğun olaraq da qərar verilməlidir”.
Ekspert təklif edir ki, bu prosesə başlamaq üçün yaxşı olardı ki, hökumət olduqca qısa müddətdə zəruri təhlillər aparsın: “Bundan sonra konkret sahələrə uyğun güzəştlər tətbiq etmək olar. Güzəştlər hər sahə üçün fərqli xarakter daşımalıdır. Ona görə də burada sahənin spesifikliyi və dəyəcək zərərin həcmi müəyyənləşməlidir”.
R.Ağayevin sözlərinə görə, kiçik və orta sahibkarlar bu böhrandan daha çox zərərə düşəcək. Ona görə də hökumət bu sektorun çökməməsi üçün dəstəyini əsirgəməməlidir.
Taleh