Sözlərimə yağış yağır gözlərimdən,
Gilə-gilə, qətrə-qətrə.
Ruhumdan parçalanıram, ayrılıram,
Başqa ruha qovuşuram,
Öz-özümə yad oluram
sonra yenə birləşirəm
Qram-qram, zərrə-zərrə...
Qəlbimdə məhəbbətimin heykəlini ucaldıram
misqal-misqal...
Ürəyimdə oddan sonra
köz qızarır, qıpqırmızı
manqal-manqal!
Dilim məndən biixtiyar nəğmə deyir
Gah sevincli, gah hüzünlü.
Bir kimsənin görmədiyi göz yaşları
Qəlbə axır, gizli-gizli...
Əllərimdə iz yeri var,-əllərinin,
Gözlərimdə göz yeri var,- gözlərinin.
Bizi əvvəl görüşdürdü,
Sonradan ayırdı yollar,- gözləmirdim...
Bir zamanlar həmsöhbətdik göy üzündə, ulduz-ulduz.
Yenə də söhbətləşirik, amma indi
Xəyallarda, yalqız-yalqız,
halsız-halsız.
Sənsizliyin sükutuna boylanıram pəncərədən,
Otaq isti olsa belə üşüyürəm
Bu mücərrəd mənzərədən...
Qayıdıram iş masama
Ağ kağızı qaraldıram
Qarışqa tək hərflərlə.
Həmsöhbətəm qələmlərlə,
Həmsöhbətəm dəftərlərlə
Ürəyimin sözlərini köçürürəm vərəqlərə,
Gözlərimin həsrətini ötürürəm vərəqlərə,
Sözlərimə yağış yağır gözlərimdən,
Gözlərimdə ümid ölür, vusal yanır, sözlərimdən...
Fərid Muradzadə