Son günlər dünya neft bazarıdna neftin qiymətinin ciddi şəkildə ucuzlaşması müşahidə edilir.
Bəs bu proses qeyri-neft sektorunun inkişafını son illər diqqət mərkəzində saxlayan Azərbaycanda bu prosesin daha da sürətlənməsinə səbəb ola bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov neft asılılığını aradan qaldırmağın zəruri olduğunu vurğuladı:
“Neft bazarındakı son hadisələr təbii ki, qeyri-neft sektorunu inkişaf etdirməyin önəmini bir kəs daha ortaya qoydu. Bu proseslər göstərdi ki, qeyri-neft sektorunu mərhələli surətdə inkişaf etdirməli, habelə, neft asılılığını mərhələli şəkildə azaltmalıyıq.
Ixracatda neftin payının azaldılmasına ehtiyac var. Ixracatın ümumi dəyərini saxlamaqla, qeyri-neft sektorunun payının artırılması vacibdir. Xüsusilə də, növbəti mərhələdə ixracatda neft sektorunun payını 50%-ə qədər azaltmaq əsas məqsəd olmalıdır. Çalışmaq lazımdır ki, ixrac nəticəsində ölkəyə daxil olan valyutanın yarısı qeyri-neft sektorunun payına düşsün. Bu, strateji yanaşmadır və zaman tələb edir.
Neft bazarında baş verən son hadisələr qeyri-neft sektorunun inkişafı prosesini sürətləndirmək üçün zəmin yaradır. Baş nazirin rəhbərliyi ilə Nazirlər Kabinetinin yığılması, neftin qiymətinin aşağı düşməsinə çevik reaksiyanın verilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bundan sonra da qeyri-neft sektorunun payının artırılması üçün sistemli fəaliyyətə ehtiyac var. Hədəf mümkün qədər qısa zamanda neftdən asılılıqdan xilas olmaq olmalıdır”.
Seymur ƏLİYEV