Son bir neçə gündə bütün dünya neftin qiymətinin birdən-birə kəskin ucuzlaşması xəbərləri ilə çalxalanır. Lakin artıq dünən axşamdan qiymətlərdə cüzi də olsa artım müşahidə edilməyə başlayıb. İndi hamını düşündürən əsas sual neftin bazarda özünün real qiymətini nə vaxtadək bərpa edəcəyidir.
Moderator.az-ın sualını cavablandıran ekspert İlham Şaban deyir ki, tədricən neftin qiymətində sabitləşmə və artımı müşahidə edə biləcəyik:
“Hazırkı vəziyyətdə neftin qiyməti 38 dollardan bir qədər yuxarıdı. Yəni artıq 9 mart tarixindəki ajiotajdan yavaş-yavaş uzaqlaşdııqca, hesab edirəm ki, neftin qiymətində yüksəlişi də müşahidə edəcəyik.
Çünki bazar tədricən reallıqları həzm etməyə qadirdir, halbuki ayın 6-da və sonrakı iki gün ərzində tamamilə qeyri-müəyyənlik şəraitində qalmışdı. Bu da bazarda neftin kəskin ucuzlaşmasına gətirib çıxardı. Ardınca fond birjaları, səhmlər kəskin ucuzlaşdı. İndi onların yavaş-yavaş itirilmiş mövqelərini bərpa etdikləri müşahidə edilir”.
Ekspert bildirib ki, bu prosesin sürətlə baş verəcəyini də gözləmək doğru olmaz. Neft qiymətlərində yüksəliş tədricən müşahidə ediləcək:
“Təbii ki, bu o demək deyil ki, itirilmiş qiymət 2-3 günə öz yerini bərpa edəcək. Məsələn, 2016-cı ildə baş verən analoji ucuzlaşma zamanı neftin qiyməti yanvarın 1-də 27 dollaradək düşdü, martın 7-də isə 45 dollar səviyyəsinə çatdı, yəni təqribən 40 günə yaxın müddətdə. İndi bazarlarda baş verən bu proses təkcə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ortaya çıxan məsələyə görə deyil. Burada fundamental bir məsələ də var. Bu, tələb-təkif məsələsidir. Hansı ki, dünya iqtisadiyyatının aşağı templə inkişafından qaynaqlanır. İkincisi, koronavirusun yaratdığı səbəblərdən dolayı enerjinin daha az istehlakı ilə bağlıdır. Bu kimi faktorların da təsirləri aradan qalxmalıdır ki, qiymətlər sabitləşsin. Bazara yönəlik siqnallar olmalıdır ki, bazar artıq itirilmiş mövqeləri bərpa edə bilsin.
Fikrimcə, bu da ancaq ilin ortalarındək baş verə bilər”.
Taleh