Ermənistanın Azərbaycanla sərhəddə təxribatları artırdığı və Türkiyənin hələlik, sözdə də olsa Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının hiss edildiyi bir məqamda Rusiyadan Azərbaycana qarşı müxtəlif təzyiqlərin olacağını ehtimal edənlərin sayı çoxalır.
İlk baxışda diqqəti o qədər də cəlb etməyən bəzi təzahürlər bu iddiada olanların haqsız olmadığını göstərir.
Görünən odur ki, Rusiya bu dəfə Azərbaycana rus təmsilçisi Krılovun hamının əzbər bildiyi məşhur “Qurd və quzu” təmsilindəki “su bulandırması” taktikasından istifadə edir. Sözün həqiqi mənasında, sudan bəhanələr yaratmağa çalışır.
Belə ki, Rusiyaya məxsus “Ndelo.ru” (Noveye Delo) xəbər portalının yazdığına görə, Dağıstan Respublikasının yeni rəhbəri Vladimir Vasilyev Rusiya prezidentinin müşaviri Ruslan Edelgereyevlə görüşüb və respublikanın təbii ehtiyatlarından optimal istifadə məsələlərini müzakirə edib.
V. Vasilyev Dağıstanın suvarma işlərində problemlərindən danışıb və bildirib ki, 2010 cu ildə Azərbaycanla Rusiya arasında baglanan Samur çayının su resurslarının istifadəsi haqqında müqavilə günün tələblərinə cavab vermir və bu məsələyə yenidən baxılmalıdır. Dağıstanın başçısı Putinin müşavirinə təklif edib ki, bu müqaviləyə yenidən baxılmalıdır və Rusiyanın Samur çayının resurslarından istifadə payı artırılmalıdır. V. Vasilyev bunu çayın 96%-nin Dağıstan ərazisindən axması ilə əsaslandırıb.
Qeyd edək ki, Rusiya Federasiyası ilə Azərbaycanın 327, 6 km-lik sərhəddinin 55, 2 km-i Samur çayının payına düşür. Hələ 1940-cı ildə Azərbaycan SSR suvarma məqsədilə çaydan Samur-Dəvəçi kanalını çəkməyə başlayır. Lakin 1941-ci ildə müharibənin başlaması ilə bu işlər yarımçıq qalır və sonrakı illərdə başa çatdırılır.
Çayın suyundan istifadə haqqında ilk razılaşmalar 1952-ci ilə aiddir. Lakin 1991-ci ildə SSRİ-nin süqutundan sonra Rsiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərinə yenidən baxılır. Nəhayət, 2010-cu il avqustun 28-də çayın suyundan istifadə haqqında Rusiya ilə Azərbaycan arasında 1416 saylı müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə, hər iki dövlət Samur çayının suyundan suvarma məqsədilə 50-50-yə istifadə edir.
Bir sıra müşahidəçilər Vladimir Vasilyevin bu problemi məhz indi qaldırmasını təsüdüfi hesab etmirlər. Mütəxəssilərin fikrincə, Samur çayı bölgənin ən gursulu çaylarından biridir və onun resurslarında heç bir dəyişiklik baş verməyib. Bu baxımdan su probleminin qabardılması daha çox siyasi səbəblərlə izah edilir.
Bir sıra hadislərin müşahidəsi göstərir ki, bu iddianın müəllifləri haqsız da deyillər. Rusiya “suyu başdan bulandırmağa” başlayır...
Taleh