Moderator.az-ın verdiyi məlumata görə, hüquqşünas Aslan İsmayılov “Hürriyyət” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
- Aslan bəy, bəlli bir müddətdir ki, Milli Şura lideri Rüstəm İbrahimbəyovun vergidən yayınması iddiası ortaya atılıb və bu iddia onun seçkilərdə iştirakına mane ola biləcək ən mühüm təhlükə kimi dəyərləndirilməkdədir. Hüquqi nöqteyi-nəzərdən hər hansı bir şəxs vergidən yayındırdığı məbləği ödəməklə məsuliyyətdən yaxa qurtara bilərmi?
- 213-cü maddənin qeyd hissəsi var. Həmin qeyd hissəsində deyilir ki, şəxsin birinci dəfə vergidən yayınma cinayəti varsa və həmin məbləğ ödənilibsə, cinayət işinə dərhal xitam verilməlidir. Qanunda bu göstərilib. Bu baxımdan məlum şərtlər daxilində öz vergi borcunu ödəyən şəxs haqqında cinayət işinə xitam verilir.
- Əgər belədirsə, o zaman niyə R.İbrahimbəyov və onun yaxın çevrəsi bu məbləği ödəməklə hakimiyyəti özünün ən əsas bəhanəsindən məhrum etmir? Əgər məlum məbləğ ödənilərsə, o zaman R.İbrahimbəyovun həbs təhlükəsi də avtomatik olaraq aradan qalxar və onun ölkəyə gəlişi üçün yollar açılmış olar.
- R.İbrahimbəyov hesab edir ki, ona qarşı irəli sürülən bu iddia qanunsuzdur. O, vergidən yayınmayıb. Buna görə də həmin məbləği ödəmək niyyətində deyil. Məbləği ödəmək cinayəti etiraf etmək deməkdir. Yəni bu məbləği ödəməklə etiraf edirsən ki, doğrudan da vergidən yayınmısan və indi bunu ödəməklə yol verdiyin qanunsuzluğu aradan qaldırırsan. R.İbrahimbəyovun iddia edilən vergi borcunu ödəməməsi də bununla bağlıdır.
- Eks-spiker Rəsul Quliyev iddia edir ki, hakimiyyət R.İbrahimbəyovun gəlişi zamanı prosesə müdaxilə üçün iki min nəfərlik polis komandosu hazırlayıb və onlara Milli Şura liderini həbs etmək tapşırığını verib. Bu məlumatın səhihliyi və reallaşma ehtimalını necə qiymətləndirirsiniz?
- Mən bu informasiyanın reallığına inanmaq istəmirəm. Ona görə ki, belə bir addım atmaq artıq ölkəni vətəndaş müharibəsinə sürükləmək deməkdir. Bunun başqa adı yoxdur. Hesab edirəm ki, əgər həqiqətən də belə bir addım atmaq niyyətində olanlar varsa, onlar mövcud reallığı nəzərə almalı və öz fikirlərindən çəkinməlidirlər. Çünki Azərbaycanda vətəndaş müharibəsinin baş verməsi, cəmiyyətin parçalanması heç kimə yaxşı heç nə vəd etmir və ilk növbədə Azərbaycanın bir dövlət olaraq maraqlarına ziddir.
- Rüstəm İbrahimbəyovun həbs ehtimalı reallaşarsa, o zaman baş verənlər dünya miqyasında rezonansa səbəb olacaqmı?
- R.İbrahimbəyovun həbsi birmənalı olaraq dünyada ciddi rezonansa səbəb olacaq. Əgər belə bir addım atılarsa, o zaman bu, dünya mediasında manşet xəbərə çevriləcək. Bu, Azərbaycanı da bir dövlət olaraq çox pis duruma salacaq. Buna görə də R.İbrahimbəyovun həbsi istənilən baxımdan arzuedilməzdir. Ümid edirəm ki, belə bir biabırçılığa şahid olmayacağıq.
- Sizə elə gəlmirmi ki, əslində bütün müxalifətin yalnız bir nəfərə - Rüstəm İbrahimbəyova ümid etməsi, əslində müxalifətin zəifliyinin və səriştəsizliyinin inkaredilməz əlaməti kimi qəbul edilməlidir. Ən azından ona görə ki, dünyanın heç bir yerində müxalifət öz uğurunu bir nəfərin uğuruna bağlamır.
- Mən bunu müxalifətin zəifliyi kimi qiymətləndirmirəm və hesab edirəm ki, məsələyə belə yanaşmaq yanlışdır. Burada söhbət prinsipial mövqedən gedir. Müxalifət kimi istəyirsə seçkilərdə də onun namizədliyini irəli sürməlidir. Əgər bu namizədi qeydə almırlarsa, o zaman başqa bir şəxsin namizədliyini irəli sürmək o qədər də məqbul deyil. Çünki belə bir addım hakimiyyətin diktəsi ilə oturub-durmaq anlamına gəlir. Bu, həm də hakimiyyətə seçim imkanı yaratmaq deməkdir. Hesab edirəm ki, seçkiyə bir namizədlə gedilməlidir.
- Necə hesab edirsiniz, Rüstəm İbrahimbəyovun namizədliyi Milli Şuraya və bütövlükdə müxalifətə uğur qazandıracaqmı?
- R.İbrahimbəyovun namizəd kimi seçkilərdə iştirakının Milli Şuraya uğur gətirib gətirməyəcəyini seçkilər göstərə bilər. Lakin inanıram ki, əgər ədalətli, şəffaf seçkilər keçirilərsə, müxalif qüvvələr mübarizəni bir-birinə qarşı yox, qüvvəni bir yerə toplayıb R.İbrahimbəyovun namizədliyinin müdafiəsi uğrunda sərf edərlərsə, o zaman müxalifətin qalib gəlmə şansı daha çox olar. Belə olacağı təqdirdə qələbəyə ümid etmək olar.
Seymur Əliyev