Allah bəlanızı versin! On bir ayın sultanı olan müqəddəs Ramazan ayında belə ar-həya etməyən, hansı yolla olur-olsun, hətta öz ailə üzvünün belə “postel”ə sürüklənməsindən para əldə etməkdən çəkinməyən, min illərin sınağından bakirə çıxsa da son onilliklərdə tarimar edilərək mental bənzərsizliklərimizə qənim kəsilən hər zatıqırıq ünsürlərə bu qarğışdan bolluca pay düşür. Bəli, mən heç şübhə etmirəm ki, bu millətin mənəvi dəyərlərini aşılayan hər cür bədniyyət əməl sahibləri gec-tez cəzalarını alacaqlar.
Dəyərli oxucu, bəlkə də yazıya qarğışla başladığıma görə məni qınayacaqsan, ancaq bəzən milliyyəti və hətta cinsiyyəti doğru-dürüst bəlli olmayan tör-töküntülərin pul qazanmaq ehtirası əndazəni aşanda insan oğlu səbrini basmaqda zorlanır və əsəblərini cilovlamaq üçün Rəbbimizə üz tutaraq Ondan kömək umur.
Yəqin çoxunuz intizardasınız ki, məni bu qarğışı yağdırmağa vadar edən nə olub? Sizləri çox gözlətməyəcəm, Hindistanın seks simvolu hesab edilən Sanni Leoni adlı bir aktrisanın bu tip şou-biznes parazitlərini, aktrisa, müğənni maskası arxasında gizlənən ünlü fahişələri Bakıya dəvət etməklə çin-çin para qazanmaqdan doymayan Nail Naiboğlu adlı bir rejissor tərəfindən Bakıya dəvət olunmasının az qala ölkənin bütün mətbu orqanlarının əsas xəbəri kimi təqdim edilməsi məni özümdən çıxarıb.
Yeri gəlmişkən, son dövrlər artmaqda olan internet media resursları bir tərəfdən qəzetləri dəbdən salırsa, digər tərəfdən bəzi həmkarlarımız rəqabətə tab gətirə bilmədiklərindən bu cür ucuz materiallarla tiraj yoxsulluğundan xilas olmaq istəyirlər və yazıqlar olsun ki, buna da nail olurlar.
Məsələn, hansısa bir ciddi informasiyadansa əksəriyyət oxucu tutaq ki, İranda bir mollanın azyaşlı uşağı zorlaması səhnəsini, yaxud bir fars deputatın öz katibəsiylə liftdə öpüşməsi görüntüsünü həvəslə izləyir. Səhv etmirəmsə ötən il ANS telekanalının “Xəbərçi” proqramında çox ibrətamiz bir epizod tamaşaçılara təqdim edilmişdi. Səhər saat 10-da Üzeyir Hacıbəyovun doğum ildönümünə aid informasiya saytlara qoyulur və bundan düz bir saat sonra azəri qızı Günelin qardaşı Tunarın sevgilisindən ayrılması barədə bir xəbər saytlara yerləşdirilir. Axşam saatlarında bəlli olur ki, dahi bəstəkarla bağlı yazılar vur-tut onlarla oxucu tərəfindən virtual ziyarət edilsə də o biri informasiya minlərlə adam oxuyub. Bax adama da yer eləyən budur ki, kimdən əmələ gəldiklərini bilməyən, əslində heç bunun fərqində də olmayanların günahı ucbatından millət mənəvi yoxsullaşma və kütləvi fahişələşmə girdabına sürüklənir. Telekanallar ikrah doğuran vecsiz, əttökən verilişlərlə, bəzənsə azyaşlı qız uşaqlarını fahişəliyə təhrik edən təhlükəli proqramlarla dolub. Birində qız boşatdırırlar, o birində fahişəni bakirə qız kimi ərə vermək üçün aparıcı az qalır ölüsünün goruna and içə. Bir sözlə, ölkə telekanallarını bozbaş, daha doğrusu, üfunət iyi başına götürüb. Zavallı vətəndaş da bilmir başına haranın daşını salsın, arvad-uşağını bu biabırçılıqdan necə izolyasiya etsin.
Elə ona görədir ki, son illər heç kim qız uşağı olmasına imkan vermir, bilir ki, heç bir qadağa onu bu məmləkətin eybəcər reallıqlarından sığortalamaq gücündə deyil. Ancaq axı belə olmamalıdır, axı dinimiz belə buyurmayıb, axı heç olmasa ilin on bir ayı nə cür pisliklərlə məşğul olurlarsa heç olmasa Ramazan günlərində Allaha xoş getməyən bu cür yaramaz addımlardan, kafirliyə, şeytana xidmət edən bu sayaq yaramazlıqlardan imtina etsinlər. Niyə axı bu məmləkətin Allah dərgahında kafirlər vadisi kimi qəbul edilməsinə səbəb olurlar, Onun qəzəbindən qorxmurlarmı?