“73
yaşım var. Mən bu yaşda orda-burda qalmamalıydım. İndi qızımın evində
yaşayıram. Mən bu hadisədə çox sarsıntı keçirdim” - 1 il əvvəl “Bayraq
Meydanı”na görə evi sökülən Xalıq Bağırov danışır.
O, Səbail rayonunda A.Quliyev küçəsində yaşayıb. Deyir ki, qeydiyyatı hələ də
sökülmüş evədir. İndi “Əhmədli” metrostansiyasının yaxınlığında yaşayır. Əvvəl
3 otaqlı mənzildə yaşasa da, indi iki otaqlıda qalır. Səbail rayonunda yaşadığı
yerin gözəl havası, şəhərə yaxınlığı, qazı-suyu, işığı olan bir yer kimi xatırlayır.
İndiki evi şəhərdən kənar, qazı olmayan, qışı soyuq və kommunal xərcləri baha
yer kimi təsvir edir. “O yeri itirməkdə çox uduzduq. Əgər orada ”Bayraq
Meydanı" tikildisə, demək, gözəl yer idi. O ev söküləndə nə qədər stress
keçirdik. Məhkəmələr çox uzandı, həm də bizim əleyhimizə qərar çıxardılar.
Qanunu elə özləri pozdular". Bağırovlar ailəsinin 5 nəfərlik üzvünün
qeydiyyatda olduğu evin davası Avropa Məhkəməsinə hazırlanır. Ölkə
məhkəmələrində onların bütün iddiaları rədd edilib.
Xaliq Bağırov Hərbi Dəniz Qüvvələrində evlər idarəsinin rəisi işləyib. Oradan
xidməti mənzil alıb. Həmin mənzili təqaüdə çıxandan sonra özəlləşdirib, evə
“kupça” alıb. 1958-ci ildən Bayıl qəsəbəsində yaşayıb, 1988-ci ildən də hazırda
qeydiyyata olduğu sökülən evində yaşayışını sürüb. “Burada o şəraiti qura
bilməmişik. Bu mənzilə alışa bilmirəm. Evim söküləndən sonra şəkər xəstəliyinə
tutuldum. Müalicə üçün dörd dəfə İrana getmişəm. Sol ayağımın barmaqlarını
kəsdilər. 1 ildən çoxdur yataq xəstəsiyəm”.
X.Bağırov xanımı ilə birlikdə ümumi 315 manat təqaüd alır. Bu pulun 25 manatı
hər ay kommunal xərclərə, 30-40 manatı da onun dərmanlarına gedir. Gündə şəkər
əleyhinə 4 dəfə insulin vurur. “Ömür boyu hökumətə xidmət eləmişəm, axırda
hökumət məni bu günə saldı”.
Həmin küçədə evi sökülən digər sakin Laləzar Quliyeva İcra Hakimiyyətinin
evləri sökəndə heç kimi razı salmadığını deyir. “Üç otaqlı evim var idi. Təzə
təmir elətdirmişdim. 1500 manat o evin pulu deyildi. O vaxt çox yerə şikayət
etdik. Borc aldım, bəzi əşyalarımı satdım, özümə şərait düzəltdim. Onların
verdiyi pulla ev almaq mümkün deyildi. Buna görə də məhkəməyə şikayət elədik”.
“Bayraq Meydanı”na görə evləri sökülən sakinlərin ayrı-ayrılıqda 3 məhkəmə
işləri var. Amma onların tələbləri eynidir. Onlar evlərin söküntüsü ilə bağlı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzaladığı 71
saylı sərəncamın ləğv edilməsini və iddiaçıların hər birinə 20 min manat
məbləğində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər.
Şikayətçilərin vəkili Şəfa Camalzadə “Azadlıq”a bildirib ki, ölkə içi məhkəmələrdə
sakinlərin iddiaları təmin edilməyib. O, işləri Avropa Məhkəməsinə hazırlayır.
“Bu yaxınlarda Ali Məhkəmə Xalıq Bağırovun şikayətini təmin etmədi. Hazırda
sənədlər Avropa Məhkəməsinə hazırlanır”.
Bakı Şəhər İcra Hakimiyyətindən “Azadlıq”a dedilər ki, hüquqşünaslar
məzuniyyətdə olduqlarına görə bu məsələyə münasibət bildirməyəcəklər.
Qeyd edək ki, 2012-ci ildə Dövlət Bayraq Meydanının inşası və Bakı bulvarının
ərazisinin genişləndirilməsi ilə bağlı ərazi sökülüb yerində əyləncə-istirahət
məqsədli park-bağ kompleksi salınıb. Sakinlərin evləri məhkəmə qərarı olmadan
uçurulub.