Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev avtosfer.az-a açıqlamasında piyadaların səbəb olduqları avtomobil qəzalarına görə məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı açıəqlama verib:
“Onu da hərəkət iştirakçılarının, xüsusilə də piyadaların diqqətinə çatdırmaq istərdim ki, piyadalarımız elə düşünməsinlər ki, onların təqsiri üzündən necə qəza olur-olsun onlara maksimum 20 və ya 40 manat məbləğində cərimə tətbiq oluna bilər. Məsələ burasındadır ki, əgər hər hansı yol qəzası piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olarsa artıq o, cinayət məsuliyyətinə cəlb olunacaq. Yəni azadlıqdan məhrum edilərək ömrünün müəyyən hissəsini həbsxanada keçirməli olacaq."
Maraqlıdır, qanunvericilikdə belə bir məsuliyyət əvvəllər də nəzərdə tutulubmu? Habelə, bu məsuliyyətin xüsusi olaraq qabardılması, bu sahədə maarifləndirmə işlərinin aparılması piyadaları daha məsuliyyətli olmağa vadar edə bilərmi?
Moderator.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov bu sahədə təbliğat işini genişləndirməyin vacib olduğunu vurğuladı:
“CM-də bu maddə çoxdan var. Yəni bu, yeni bir şey deyil. Hələ sovet dövründən belə bir məsuliyyət nəzərdə tutulub. Hazırkı CM-nin 267-ci maddəsində qeyd olunub ki, piyada, velosiped və s.-nin yol hərəkəti qaydasını pozması nəticəsində qəza baş verərsə, sağlamlığa ağır və ya az ağır xəsarət dəyərsə, o zaman həmin qəzaya səbəb olan şəxs cinayət məsuliyyəti daşıyır. Burada cərimə də, azadlıqdan məhrumetmə də nəzərdə tutulur. Bunların ən ağırı azadlıqdan məhrumetmədir. Təcrübədə bunun kiməsə tətbiq edilib-edilmədiyi ilə bağlı isə məlumatım yoxdur.
Təbliğati baxımdan bu məsələni qabartmağa ehtiyac var. Piyadalar bilməlidir ki, onlar da, avtomobil də yol hərəkəti iştitrakçısıdır. Piyadanın da bununla bağlı vəzifələri var. Piyadaya başa salmaq lazımdır ki, əgər o, lazımi qaydalara əməl eləməsə, məsuliyyətə cəlb ediləcək. Bu isə həm inzibati, həm də cinayət məsuliyyətidir. Burada maddi məsuliyyət də var. Əgər piyadanın səhvi ucbatından avtomobil qəzaya uğrayıbsa, həmin avtomobilə tutaq ki, 5 min manat ziyan dəyibsə, onu da piyada ödəyəcək.
Bu yöndə təbliğatın aparılması piyadaları daha diqqətli olmağa məcbur edə bilər”.
Seymur ƏLİYEV