Azərbaycan prezidentinin Münhendə qazandığı siyasi qələbə, düşmən ordusunda əsgər ölümləri səbəbi ilə baş verən general istefaları, eləcə də Rusiyanın Suriya və Ukraynada daha ciddi hərbi qarşıdurmalara cəlb olunmaq ehtimalı, Qarabağla bağlı da ənənəvi sualı aktuallaşdırmaqdadır.
Ölkəmizin indiki məqamda region və beynəlxalq aləmdə baş verən son yeniliklərdn istifadə edərək işğaldakı torpaqların azadlığı istiqamətində konkret addımlar atması mümkündürmü?
Moderator.az-a açıqlama verən politoloq Natiq Miri bu müstəvidə hər bir imkanı dəyərləndirməyin vacibliyinə toxundu:
“Işğaldakı torpaqları azad etmək hüququnu Azərbaycan hər zaman öz əlində saxlayır. Sadəcə, geosiyasi mühit, xüsusilə də Rusiya ilə bağlı tərəddüdlər problemin həllinə imkan vermir. Rusiyanın Qarabağla bağlı mümkün davranışı, ortaya qoyacağı mövqe Azərnbaycan üçün bəlli deyil. Rusiya faktoru Domokl qılıncı kimi ölkəmizin başı üzərindən asılıb.
Qarabağla bağlı danışıqlarda hər hansı perspektivin olduğu görsənmir. Paşinyan rejimi Qarabağ problemini həll etmək gücündə deyil. Həm daxili, həm də xarici faktorlar Paşinyan rejiminin xeyrinə deyil. Qondarma Qarabağ “respublikası”ndakı vəziyyət də Paşinyanın maraqları baxımından ürəkaçan deyil. Belə olan halda, Paşinyanın işğaldakı torpaqların azad edilməsi istiqamətində hansısa addımlar ata biləcəyini düşünmək absurddur.
Bu gün Paşinyanın hər şeydən daha çox zamana ehtiyacı var və Azərbaycan ona bu zamanı verməməlidir. Əgər Paşinyan öz hakimiyyətini möhkəmləndirərsə, o zaman kim zəmanət verə bilər ki, o, keçmiş Qarabağ xuntası kimi davranmayacaq?
Paşinyan hakimiyyətinin Rusiyanın cızdığı plandan kənara çıxacağını düşnmək də yanlış olar.
Bu gün həm regionda, həm də beynəlxalq aləmdə baş verən bir sıra proseslər imkan verir ki, Azərbaycan da öz işğadakı torpaqlarını azad etsin.
Rusiya işğal etdiyi Ukrayna ərazilərində istənilən zaman hərbi vəziyyəti dəyişə bilir, müəyyən hərbi təxribatlarla hərbi fazanı aktivləşdirə bilir. Suriyada da, Liviyada da Rusiyanın hərbi aktivliyi müşahidə edilir.
Türkiyə İdlib bölgəsinə böyük hərbi texnika cəmləşdirib. Savaşın başlaması an məsələsidr. Belə olan halda, eləcə də Rusiyanın başı bir sıra bölgələrdə ciddi şəkildə qarışdığı halda, Azərbaycan niyə 30 ilə yaxındır işğalda qalan torpaqlarını azad etməsin? Azərbaycan bu istiqamətdə konkret addımlar atmalı və qarşısına çıxan hər bir fürsəti maksimum dəyərləndirməlidir”.
Seymur ƏLİYEV