Filial direktoru rüşvət iddiasından danışdı
Son zamanlar medianın gündəmindən düşməyən Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı ilə bağlı müxtəlif məlumatlar yayılır. Qeyd edək ki, filialın iki müəllimi arasında pul üstündə düşdüyü iddia olunan davadan sonra bu təhsil ocağı medianın gündəminə gəlib.
Ancaq Moderator.az-ın araşdırması zamanı bəlli olub ki, bu filialda baş verənlər heç də qəzetlərin yazdığı kimi deyil.
Belə ki, araşdırmamız zamanı bəlli olub ki, iki müəllim arasındakı mübahisənin əsil səbəbi rüşvət faktı olmayıb.
Mühasibatlıqda aparılan yoxlamalara müqavimət, institutunun keçmiş direktoru Orucəli Rzayevin vaxtında rüşvət almağa, asan yolla pul qazanmağı öyrənən bəzi adamların, rüşvətə qarşı mübarizə aparan indiki rəhbərlik Xatirə Həsənovaya qarşı təpkisinin nəticəsi olaraq, bu cür söz-söhbətlər yayılır.
Hər şey bir iclasdan- Tədris tələbə şöbəsinin müdiri Vahid Quliyevin baş mühasibə üzünü tutaraq “kollektiv qarşısında hesabat verməlisiniz, hər bir işçinin haqqıdır ki, büdcəsindəki pullarının hara və necə xərcləndiyini bilsin” deməsindən başlayıb.
Vahid müəllimin bu sözündən sonra ona qarşı baş mühasib Heyran Şikarovanın sözün əsl mənasında hücumları başlayıb. Elə həmin gün Heyran Şikarovanın anası Bənövşə xanım Vahid müəllimə zəng edərək təhqir etdi. İkinci gün isə atalığı institutunun müəllimi Müsəllim Hümbətov onu çayxanaya dəvət edib və bu olay baş verib. Sözləri çəpləşdi və əvvəlcə planlaşdırdıqları kimi Vahid müəllimi qıcıqlandırıb, əl qaldırmağa təhrik edib.
Filialın direktor əvəzi fəlsəfə doktoru Xatirə Həsənova saytımıza açıqlamasında yaşanan olaylar barəsində danışıb: “Əslində filialda elə də böyük problemlər yoxdur. Bu gün institutumuzun fəaliyyətində müsbət addımlar atılır və daha düzgün ifadə etsək, filial öz normal iş rejimində çalışır. Vəziyyətin isə stabil olmağını istəməyən müəyyən qüvvələr var ki, onlar süni surətdə vəziyyəti şişirdirlər. İnstitutdakı sağlam mühit, düzgünlük bəzi qüvvələri narahat edir. Bu qüvvələr hazırkı şəraitdə istədikləri kimi yararlana bilmədikləri üçün şantaj və iftira atmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq, cəmiyyətin fikrini yanlış istiqamətə yönəltməyə çalışırlar. Bu işinin öhdəsindən gələ bilməyən, fəaliyyətində neqativ hallara yol vermiş və nəticədə işindən kənarlaşdırılmış keçmiş filial direktorlarının sifarişi ilə verilən informasiyalardır. Məqsəd yerlərdə baş qataraq köhnə maliyyə pozuntularını ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Amma mən təşkil olunan iyrənc oyunlardan çəkinmirəm, çünki haqq nazilər üzülməz”.
- Sizi AMİ ”“ nin Elmi Şurasının iclasından sonra direktor vəzifəsindən azad ediblərmi? Filialda yoxlamalar aparılması doğrudurmu?
- Maraqlıdır mən direktor idim ki, məni bu vəzifədən azad edələr? Mən direktor müaviniyəm, direktor səlahiyyətlərini müvəqqəti icra edirəm. Mənə rəhbərlikdən etimad edilib bu vəzifə tapşırılarkən hansı məsuliyyətin altına girdiyimi də bilirdim. İşin çətinliyini də. Çətinlik deyərkən elə başa düşməyin ki, tədris işlərini nəzərdə tuturam. Mən əslində uzun müddətdir ki, Əlavə təhsil üzrə direktor müaviniyəm və institutun bu bölməsi daha ağır və məsuliyyətlidir. İşin çətinliyi dedikdə isə köhnə rejimlə işləyən və hər şeydə şəxsi maraq axtaran və rüşvət almağa öyrənən bəzi insanlarla işləməyi nəzərdə tuturam. Axı neçə illərdir rahat, heç bir çətinlik çəkmədən qazanan bu adamlar köhnə vərdişlərindən necə əl çəkə bilərlər axı?! Amma, filialın çox güclü kadr potensialı və sağlam əqidəli əməkdaşları var. Mən onlara arxalanıram. Mənə dəstək, eyni zamanda tələbə ordusudur. Bəzi qəzetlərdə gülməli yazılar gedib. Yazılardan belə çıxır ki, Müsəllim Hümbətovdan başqa digər müəllimlər rüşvət yığıb, Tədris şöbəsinin müdirinə veriblər ki, başları hələ də salamatdır, yarılmayıb. Yoxlamalara gəldikdə isə, mənim dəvətimlə audit yoxlaması aparılır. Yoxlamaların nəticəsi rəhbərliyimizə təqdim ediləcək, eyni zamanda kollektivdə müzakirə olunacaqdır. Mən bu gün rəhbərliyin mənim qarşımda qoyduğu vəzifəni yerinə yetirirəm. Bu vəzifə mənə həvalə olunarkən, qarşıma qoyulan əsas vəzifələrdən biri də neqativ hallara qarşı mübarizə aparmaq olmuşdur.
- Təhsil Nazirliyinin açıqlamasına görə 2011/2012 ”“ ci tədris ilinin yay imtahan sessiyası dövründə Nazirliyin qaynar xəttinə daxil olmuş şikayət və ərizələrin sayına görə Mingəçevir filialı liderlər siyahısında olub. Bu haqda nə deyə bilərsiniz?
- Onu deyə bilərəm ki, bunun nəticəsi olaraq köhnə rəhbərlik filialdan uzaqlaşdırıldı. Hörmətli rektorumuz A.Naxçıvanlının təhsildə neqativ hallara qarşı barışmaz mövqeyi Respublika ictimaiyyətinə məlumdur. Filiallarda da bu hallara qarşı güclü və ardıcıl mübarizə aparılır. Son zamanlar filial direktorlarının bir neçəsinin cəzalandırılması buna bariz sübutdur.
- Filialın Elmi işlər üzrə direktor müavini Nizami Abbasov haqqında akt tərtib edilib, bu nə məsələdir?
- Görürəm ki, kifayət qədər məlumatlısınız. Bu haqda rəhbərliyimizə məlumat vermişik. Müvafiq ölçü götürüləcək.
- Sizin barənizdə səslənən ittihamlardan biri də Aqiyə Naxçıvanlıya 4 otaqlı mənzil və 200 min manat rüşvət verməyiniz barədə olub. Bu doğrudurmu?
- Tam səmimi deyirəm, mənim bu qədər pulum olsa çalışmaqdan imtina edərəm. Mənim bu qədər pulum olsaydı, xəstə uşağımı İranda deyil, Avropa ölkələrinin birində əməliyyat etdirərdim. Bunlar uydurmadır. Qəsddən yayılan söhbətlərdir. Mən inanmıram ki, kiminsə Aqiyə xanıma rüşvət təklif etmək cəsarəti də olsun.
Seymur









