Deputat: "Simpatiyam olmayan insanlarla qonşu olmaq istəmirəm"
Millət vəkili Bəxtiyar Sadıqov jurnalistlərə verilən evlərlə bağlı adının hallandırılmasına yenidən münasibət bildirib.
Millət vəkili “Yeni Müsavat”a açıqlamasında bu iddianı rədd edib:"Milli Mətbuat Günü Azərbaycanda analoqu olmayan hadisə baş verib və İlham Əliyev jurnalistlərin bayramını ikiqat bayrama çevirib. Dünyanın heç yerində jurnalistlərə maddi və mənəvi cəhətdən belə hədiyyə olunmayıb. Ev alanların hamısını təbrik edirəm. Almayanlara səbir diləyirəm. Prezidentin Ehtiyat Fondundan 5 milyon ayrıldı. Mən əvvəldən həmin binada ev istəməmişəm. Mənə də ordan ev vermək planlaşdırılmayıb. Müxtəlif saytlarda adım yazılıb. Hamısına dedim ki, doğru olmayan məlumatdır. İndi də bilmirəm kli, 156-cı mənzil mənim üçün nəzərdə tutulub. Bəzi insanlar məqsədli şəkildə mənim adımı hallandırırlar. İstəyirlər ki, məni də qınaq hədəfinə tuş etsinlər ki, guya kiminsə haqqını tapdayıram. Mən ordan ev təmənnasında deyiləm”.
Müsahibimiz xatırlatdı ki, püşkatma mərhələsində olmaması da onun bu binada evi olmamasının sübutudur. Bu yerdə baş redaktor ilginc bir etiraf da etdi: “Evə ehtiyacım var, amma ordakı evdən istəmirəm. Çünki ordan elələri ev alıb ki, onların bəziləri ilə qonşu olmaq istəmirəm. Onlarla jurnalistikaya, həyata, mənəviyyata dair fikirlərimiz o qədər ziddir ki, onlarla hər gün görüşüb salamlaşmaq istəmirdim. Simpatiyam olmayan insanlarla qonşu olmaq istəmirəm. Qonşuluq mənim üçün çox dəyərli məfhumdur”.







