Vergilər Nazirliyi Bakının Novxanı çimərliyi
ərazisində fəaliyyət göstərən və məcburi köçkünlərə məxsus ictimai iaşə
müəssisələrinin bir çoxunu cərimələyib. Bu barədə Moderator.az-a
etibarlı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, cərimənin məbləği hər kəsi sözün həqiqi
mənasında dəhşətə gətirib: “Novxanı çimərliyində məcburi köçkünlərə məxsus
xırda ictimai iaşə müəssisələri var ki, onlar ilin yalnız 3 ayı ərzində
fəaliyyət göstərir. Qamışdan tikilən və mövsümi xarakteri daşıyan bu obyektlər
son bir ildə Vergilər Nazirliyinin silsilə reydinə məruz qalıb. Obyektlərdə
kassa aparatının olmadığını bildirən vergi əməkdaşları bu barədə sahibkarlara
hər hansı xəbərdarlıq etmədən birbaşa fantastik cərimələr tətbiq ediblər. Bu
günlərdə məlum olub ki, cüzi qazanca sahib olan məlum sahibkarların bəzisi min
manat, bəzisi isə iki min manat məbləğində cərimələnib.
Sahibkarların sözlərinə görə, vergi sənədlərində məlum obyektlərin
sentyabr, oktyabr aylarında da fəaliyyət göstərdiyi qeyd edilib ki, bu da
həqiqətə uyğun deyil. Çünki həmin aylar dəniz mövsümü olmadığı üçün bu
obyektlər istəsələr belə, bu yöndə hansısa fəaliyyət ortaya qoya bilməzlər.
Sahibkarlar hesab edir ki, onlara şamil edilən cərimələr əhəmiyyətli dərəcədə
aşağı salınmalı və obyektlərin real qazancına uyğunlaşdırılmalıdır. Əks
təqdirdə onlar üzləşdikləri problemlə bağlı əlaqədar orqanlara şikayət
edəcəklər”.