Məlum olduğu kimi, Suriya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Türkiyə ilə hərbi qarşıdurma fonunda qəbul edilən məlum qərar, qardaş ölkə XİN-i tərəfindən kəskin tənqid olunub və qınanılıb.
Türkiyə kimi Azərbaycan və diər türk dövlətlərinin də baş verənlərə öz etirazını ortaya qoymasına ehtiyac varmı? Müasir dünyamızın anti-türk qüvvələrinin ermənilərin tarixi yalanından siyasi təzyiq vasitəsi kimi istifadə cəhdi, bu gün də torpaqları erməni işğalı altında qalan Azərbaycanın maraqlarına da qəsd kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bunu həm də ölkəmizə yönəlik addım kimi qiymətləndirdi:
“Bəşər Əsəd rejiminin qondarma “erməni soyqırımı”nı tanıması əslində, onun Türkiyəyə qarşı yönəlik xəyanətlərindən biridir. Bu adam artıq bəşəriyyət üçün caniyə çevrilib. Rusiyanın əlində alət olan bu adam indi də ermənilərin əlində alətə çevrildi. Buna müsəlman demək olarmı? Bu necə müsəlmançılıqdır? Sənin Ərdoğan iqtidarından xoşun gəlmirsə, demək, bu yaramaz addımı atmalısan? Bu o deməkdir ki, bu adam üçün şəxsi maraqlar hər şeydən üstündür. Onun parlamenti də özü kimidir.
Minlərlə insanın qətlində əli olan bu şəxs özü öz xalqına qarşı soyqırım törədib. Bunun özünü soyqırım törətməkdə ittiham edirlər. Çünki dünyada az-az tapılan canilərdən biridir. Hesab edirəm ki, Azərbaycan bu məsələdə qardaş Türkiyənin yanında olmalıdır. Çünki Bəşər Əsəd rejiminin atdığı bu addım, həm də Azərbaycana yönəlik addımdır.
Bundan əvvəl də Bəşər Əsəd rejiminin ermənilərlə bağlı əlaqələri haqqında çoxlu materillar yayılmışdı. Ermənistandan könüllülər Bəşər Əsəd rejimi tərəfində döyüşür. Erməni terrorçularının bazaları, həm də Suriyada yerləşir. Bəşər Əsəd rejimi tərəfindən atılan bu addım Türk-Müsəlman dünyasına qarşı atılan addımdır”.
Seymur ƏLİYEV