Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli
nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov Azərbaycan
jurnalistləri üçün Bakıda, Bibiheybət qəsəbəsində yaşayış binası tikəcəyini
açıqlayıb. Bu barədə Söyün Sadıqov mətbuata verdiyi son açıqlamasında məlumat
verib.
Sadıqovun bildirdiyinə görə, hazırda binanın tikintisi üçün yerin
müəyyənləşdirilməsi və sənədləşmə işlərinin başlanmasına hazırlıq gedir.
Nəzərinizə çatdıraq ki, Bakı şəhərində hər hansısa bir tikinti layihəsini
həyata keçirmək üçün Bakı şəhəri İcra hakimiyyəti ilə razılıq əldə olunmalıdır.
Maraqlıdır, görəsən Söyün Sadıqov tikintini BŞİH-lə razılaşdırıbmı?
Moderator.az-ın bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin
Mətbuat Xidmətiylə əlaqə saxlayıb. Qurumdan əməkdaşımıza bildirilib ki, onlarda
bu barədə heç bir informasiya yoxdur və onlar Söyün Sadıqov tərəfindən
Bibiheybətdə jurnalistlər üçün yeni binanın tikintisinə hazırlıq işlərinə
başlanmasından xəbərsizdirlər.
Xəyal Əzizov